“Danışan” fotolar sadə fotodan artıqdır. Xüsusən, tarixi fotolar olanda. Çünki belə fotolar tarixin qurduğu böyük bir tamaşanın parlaq bir məqamını əks etmiş olur.
Bu həftə Sankt-Peterburqda bizim Prezidentlə qonşunun baş naziri “atüstü” görüşüblər. “Atüstü” – gözəl sözdür, deyilmi? Yəni, öz yolunla çaparaq, getdiyin yoldan dönmədən, atdan enmədən – “atüstü”.
Azərbaycan – məğrurdur, qürurludur, dayanıqlıdır, özünə əmindir, ətrafdakı vəziyyət, o cümlədən, Ermənistanın gəlib onunla yanaşı dayanmağı, onu çox da narahat etmir.
Fotodan açıq-aydın görünür ki, bu “atüstü” görüş olmasaydı belə, Azərbaycanın kefi yaxşı olacaqdı. O da aydın görünür ki, Azərbaycan çalışır hisslərə qapılmasın, qarşısındakına “yağlı qapaz” vurmaqdan ötrü sinov getsə də, onu hələ ki məntiqin gücü ilə başa salmağa çalışır.
Ermənistan – əyilib, söykənib, hətta söykənsə də dayanıqlı görünmür. Fotonun kompozisiyasından görünür ki, sanki bu görüş üçün məqam axtarırmış.
Azərbaycan dialoqa açıqdır, kömək əllərini uzadıb, qarşı tərəfi səmimi olmağa dəvət edir. Ermənistan isə, rus demişkən, “стал в позу”, duruş dayanıb, əl sıxan (sağ) əlini arxasında gizlədib, tərəddüd içindədir, qarşı tərəfdən zəif olduğunu bilir. Amma qonşusunu dinləyə-dinləyə, yenə də öz etnik xislətinə uyğun olaraq, “görəsən, mən daha nə edim ki, bunlara pis olsun” fikirləşir.
O ki qaldı görüşün formatına, bəlkə də “atüstü görüş” yox, “yolüstü görüş” demək daha düz olardı, çünki görüşənlərdən biri, dəqiqdir ki, “at belində” deyil.