Avropa Gürcüstan üçün vizasız rejimi qismən ləğv etdı
Bundan başqa, Gürcüstan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi məsələsi AŞPA-nın gündəliyinə salınıb.

Avropa İttifaqı Şurası Avropa İttifaqı (Aİ) ilə Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi sazişinin bəzi hissələrinin dayandırılması barədə qərar qəbul edib.
Bu barədə Avropa İttifaqı Şurasının mətbuat üçün açıqlamasında deyilir.
Bildirilir ki, hökumətlərarası təşkilatlar tərəfindən istənilən Aİ ölkəsinin ərazisində keçirilən rəsmi görüşlərdə və digər tədbirlərdə iştirak edən Gürcüstanın rəsmi nümayəndə heyətinin üzvləri, Gürcüstanın milli və regional hökumətlərinin və parlamentlərinin, Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin üzvləri, diplomatik pasport sahibləri Aİ ölkələrinə vizasız gedə bilməyəcəklər.
“Lakin adi pasportlara malik olan sadə Gürcüstan vətəndaşları Avropa İttifaqına qısa müddət ərzində vizasız gediş-gəlişdən yararlanmağa davam edəcəklər”, - deyə Şuranın mətbuat üçün açıqlamsında deyilir.
Şuradan onu da bildiriblər ki, Aİ ilə Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi sazişinin qismən dayandırılması qüvvəyə mindikdən sonra və Gürcüstan vətəndaşlarının viza tələbindən azad edildiyini nəzərə alaraq, üzv dövlətlər viza tələbinin tətbiqi üçün milli səviyyədə tədbirlər görmək barədə qərar verə bilərlər.
Bu arada, Gürcüstan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi məsələsi Avropa Şurası Parlament Assambleyası (AŞPA) 2025-ci il qış sessiyasının gündəliyinə salınıb.
İddianın müəllifi Avropa Xalq Partiyasının üzvü Boriana Aberqdir.
O, Gürcüstan parlamentinin “birpartiyalı parlament” olduğunu və Gürcüstanda demokratik sistemin dağılma mərhələsində olduğunu qeyd edib.
Məlumata görə, petisiyanı assambleyanın azı 30 üzvü dəstəkləyib və yanvarın 29-da günün ikinci yarısında müzakirəyə çıxarılacaq.
AŞPA-nın bəyanatda bildirilib ki, assambleya Gürcüstan nümayəndə heyətinə səlahiyyət verə və ya verməyə bilər. Bununla belə, nümayəndə heyəti üzvlərinin müəyyən hüquqları dayandırıla, həmçinin onların assambleyanın fəaliyyətində iştirakı məhdudlaşdırıla bilər.
“Gürcüstan nümayəndə heyətinin üzvləri hələ də assambleyanın sessiyalarında iştirak edə bilərlər, lakin qərar qəbul olunana qədər etimadnamə məsələsi üzrə səsvermədə iştirak edə bilməyəcəklər”, – bəyanatda qeyd olunub.