Avropada "bomba hədəsi" nəqliyyatdan məktəblərə keçib
İtaliya və Şimali İrlandiyada bomba hədələrindən sonra azı 300 məktəb təxliyə olunub
İtaliyada elektron poçt vasitəsilə göndərilən bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub.
Bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
İtaliyanın təhsil naziri Cüzeppe Valditara “La7” telekanalına açıqlamasında bildirib ki, bomba hədələri ilə bağlı eyni məzmunlu elektron məktub ölkənin müxtəlif bölgələrindəki təhsil müəssisələrinə göndərilib. Onun sözlərinə görə, təxliyə edilən məktəblərin sayı arta bilər.
Romadakı məktəblərdən biri valideynlərə göndərdiyi məlumatda bütün şagirdlərin təhlükəsiz əraziyə çıxarıldığını və müəllimlərin nəzarəti altında olduqlarını bildirib.
Hökumətdəki mənbənin verdiyi məlumata görə, təhdid məktubu özünü “Misoginistan Vilayətinin lideri Mixail Andropov” kimi təqdim edən şəxs tərəfindən imzalanıb.
Hazırda İtaliya polisi hadisə ilə bağlı araşdırma aparır.
****
Şimali İrlandiya Təhsil İdarəsi çərşənbə günü bildirib ki, Şimali İrlandiyadakı çoxsaylı məktəblərə də hədələyici məzmunlu elektron məktub göndərilib.
Lakin polis bunu ciddi təhlükə hesab etmədiyi üçün məktəblərə fəaliyyətlərini davam etdirmələri tövsiyə olunub.
Xatırladaq ki, keçən bir neçə həftə ərzində Avropada "bomba hədəsi" daha çox nəqliyyata yönəlirdi: təyyarə və gəmilər ciddi yoxlanılırdı. Bundan başqa, Avropada hakerlər soyuduculara kiberhücumlar təşkil edib.
1 dəqiqə