Azad edilmiş ərazilərdə ƏDV-nin geri qaytarılması qaydaları
Dövlət Vergi Xidməti xəbər verir
Vergi Məcəlləsinin 228-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır.
Dövlət Vergi Xidməti xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, bu maddə üzrə ƏDV-nin qaytarılması qaydası və şərtləri bu Məcəllənin 165.5-ci maddəsinə uyğun olaraq müəyyən edilir.
Ekspert, həmçinin vurğulayıb ki, ƏDV-nin geri qaytarılması ilə bağlı fərqli yanaşma yalnız işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə şamil edilir: “ Məsələn, vətəndaş Şuşa şəhərində yerləşən oteldə qalmaq üçün 118 manat (100 manat + 18 manat ƏDV) nağdsız ödəniş edib. Bu halda həmin xidmətə görə ödənilən 18 manatlıq ƏDV-nin 30 faizi, yəni 5,40 manatı vətəndaşa geri qaytarılacaq”.