XƏBƏRLƏR / İdman

Azərbaycan boksçusu bu gün final görüşünə çıxacaq

Həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası və iki sərbəst güləşçisi mübarizəyə qoşulacaq

Azərbaycan boksçusu bu gün final görüşünə çıxacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan boksçusu Alfonso Dominqes bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında qızıl medal görüşünə çıxacaq.

    92 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda özbəkistanlı Lazizbek Mullojonovla üz-üzə gələcək.

    Bu gün, həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası və iki sərbəst güləşçisi mübarizəyə qoşulacaq.

    Qrup hərəkətləri komandası əvvəlcə təsnifat mərhələsində halqalar, eləcə də top və lentlə hərəkətlər üzrə qüvvəsini sınayacaq.

    Sərbəst güləşçilərə gəlincə, Turan Bayramov (74 kiloqram) albaniyalı Çermen Vəliyevlə, Giorgi Meşvildişvili (125 kiloqram) isə misirli Diaeldin Əbdülmüttəliblə qarşılaşacaq. Hər iki görüş 1/8 finala təsadüf edəcək.

    Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 4 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıblar. Booksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.