Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana verib
Bu barədə Qazaxıstan mediası ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan gətiriblər.
Bu barədə Qazaxıstan mediası ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb.
Bildirilib ki, şübhəli şəxs 2016-2018-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə istehlak mallarının keçirilməsi ilə məşğul olan cinayətkar qrupa rəhbərlik edib, həmçinin gömrük rüsumlarını və vergilərini ödəməkdən yayınıb.
O, cinayətləri törətdikdən sonra istintaqdan yayınıb və beynəlxalq axtarışa verilib.
Hazırda şübhəli şəxs Aktau şəhərinin istintaq təcridxanasına yerləşdirilib. Təqsirləndirilən şəxsin əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Qazaxıstan Baş Prokurorluğu onu da qeyd edib ki, 2019-cu ilin dekabrında Manqistau vilayətinin məhkəməsi eyni mütəşəkkil cinayətkar qrupun fəaliyyətində iştirak edən 12 nəfəri müxtəlif növ cəzalara məhkum edib.