BLOQ

Azərbaycan dövlətinin hücumlara qarşı tarixi təcrübəsi

“Freedom House” və QHT-lərin Qarabağ erməniləri haqqında hesabatları barədə

Azərbaycan dövlətinin hücumlara qarşı tarixi təcrübəsi
  • Oxuma müddəti:

    20 dəqiqə

  • Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CSSC) bu günlər yayımlanan ““Freedom House” və digər QHT-lərin Qarabağ erməniləri haqqında hazırladığı hesabatın təhlili” məqaləsində 44 günlük müharibə və hadisələrin sonrakı davamı kimi baş verənlər, son nəhayətdə Qarabağın erməni əhalisinin Azərbaycan torpaqlarını tərk etməsi ilə 30 ildən artıq davam edən “Dağlıq Qarabağ” münaqişəsinin ədalətli sonluğunun heç də birmənalı qarşılanmadığı və əksinə, bir sıra beynəlxalq təşkilatların gündəmində əsas məsələyə çevrildiyi, ABŞ Dövlət Departamentinin də Azərbaycana qarşı yönəlmiş bu əməliyyatları koordinasiya etdiyi göstərilir. CSSC-nin bu mühüm məsələnin ətraflı izahı və onun əsl mahiyyətinin açıqlanması üzərində dayanmadan, bütün bu “əhvalatların” heç də bu günün hadisəsi olmadığını vurğulamaq, yeni yaranan Azərbaycan dövlətinin – Cümhuriyyət hökumətinin buna bənzər hücumlara və beynəlxalq “qınağa” məruz qaldığı və vəziyyətdən neçə çıxdığını qısaca yada salmaq istərdim.

    1916-1917-ci illər İrəvan quberniyasının yerli müsəlman-azərbaycanlı əhalisinin erməni hərbi birləşmələri və Osmanlı ərazisindən qaçan erməni əhalisi tərəfindən soyqırımına və kütləvi qırğıntılara məruz qalması və öz tarixi torpaqlarından qovulması ilə başlanan “Böyük Ermənistan” xülyalı planlar 1918-ci ildə öz pik həddinə çatdı. Bolşevik-daşnak qoşunlarının bütün Azərbaycan ərazisində kütləvi qırğınlar törətməsi, on minlərlə müsəlman əhalisinin qətlə yetirilməsi, şəhərlərin, kəndlərin, azərbaycanlılara məxsus mədəni-dini abidələrin dağıdılması, əhaliyə milyardlarla rublla ölçülən maddi ziyan dəyməsi ilə səciyyələnən bu hadisələr əslində Azərbaycan dövlətçiliyinin yaranmasına qarşı yönəlmişdi.
    Bütün bu faciələr və hücumlara rəğmən 1918-ci il 28 mayında elan edilmiş Azərbaycan Cümhuriyyəti 1918-ci il 15 iyul tarixində, yəni hələ paytaxt daxil bütün Bakı quberniyası və Yelizavetpol quberniyasının bir neçə qəzası erməni-biolşevik-daşnak işğalı altında olduğu vaxt, həmin qırğınları isti-isti, faktlar əsasında araşdırmaq, günahkarları və əhaliyə dəyən maddi ziyanın miqdarını müəyyənləşdirmək məqsədilə Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaratmışdır. Tanınmış hüquqşünas və ictimai xadim Ələkbər bəy Xasməmmədovun başçılıq etdiyi və üzvləri demək olar ki, qeyri-müsəlman (polyak, alman, rus, yəhudi) əsilli müstəntiqlərdən ibarət olan FTK hələ Gəncədə ikən işə başlamış, 1918-ci il 15 sentyabrda Bakı azad edildikdən sonra fəaliyyətini paytaxta köçürmüş və bir il yarım ərzində Bakı, Şamaxı, Quba, Göyçaq, Ərəş, Cavad, Lənkəran, Şuşa, Cəbrayıl, Cavanşir, Zəngəzur, Nuxa qəzaları üzrə 36 cilddən artıq istintaq materialı hazırlamış, Bakı və Şamaxı qəzaları üzrə cinayətləri təkzib olunmaz faktlarla sübut edilən 194 nəfərə qarşı (160 erməni, 34 molokan) cinayət işi açmış, onlardan 30 nəfərin yerini müəyyən edərək həbs etmişdir. Viran qoyulmuş, qaçqınlarla dolu bölgələrdə onsuz da ağır şəraitdə işləyən Komissiyanın əsas müşküllükləri isə Mudros sazişinə görə türk qoşunları Azərbaycanı tərk edəndən və Müttəfiq dövlətlərin ingilislərdən ibarət qoşunları beynəlxalq mandatla general Tomsonun başçılığı altında Bakıya daxil olandan sonra başlamışdır. İlk zamanlar Azərbaycan hökumətini tanımayan və özünü Bakının qubernatoru təyin edən general Tomson Azərbaycan xadimləri ilə ilkin tanışlıqdan sonra ölkənin daxili işlərinə qarışmayacağını vəd etsə də ədliyyə və məhkəmə orqanlarının funksiyalarını öz üzərinə götürmüş, Müttəfiq Dövlətlərin Polisi adlı yeni bir qurum da yaradaraq polkovnik Kokkereli onun rəisi təyin etmişdir.

    Yaranmış şəraitdə bu xarici qurumlarla işləmək məcburiyyətində qalan FTK- sədri Ə.Xasməmmədov Müttəfiq qoşunların komandanına geniş Məruzə ilə müraciət edərək cinayətləri öz sübutunu tapmış bir neçə nəfər erməni vətəndaşının, ilk növbədə Bakı və Şamaxının dinc əhalisinə qarşı görünməmiş qəddarlıq və vəhşiliklər törətmiş Stepan Lalayevin həbsinə icazə almağa müvəffəq olur. İş bunda idi ki, Qafqaz İslam Ordusu Göyçay qəzasından başlayaraq Azərbaycanın işğal altında olan torpaqlarını azad etdikcə bütün bu ərazilərdə yaşayan və azərbaycanlılara qarşı qırğınlarda fəal iştirak edən erməni əhali Ermənistan və Rusiya ərazilərinə qaçmışdı. Lakin türklər gedəndən və ingilis qoşunları Bakıya daxil olandan sonra nəimki bu əhalinin bir qismi, o cümlədən yüzlərlə azərbaycanlını şəxsən qətlə yetirmiş Stepan Lalayev də öz dəstəsi ilə birlikdə Bakıya qayıtmışdı. S.Lalayev və adamları şəhərin küçələrində görünməmiş özbaşınalıqlar edir, müsəlman kişilərin papaqlarını vurub başlarından salır, Azərbaycanın üzrəngli bayraqlarını küçələrdən və mağazaların üstündən qopararaq əhalinin gözü qarşısında cırıb təpikləyirdilər. 15 sentyabr – şəhərin azad edilməsi təntənələrini yaşamış Bakının müsəlman əhalisi cəmi iki aydan sonra məruz qaldıqları təhqir və məhrumiyyətlərdən böyük mənəvi sarsıntı keçirirdi. Belə bir şəraitdə FTK sədrinin 1918-ci ilin noyabrında Kokkerelin razılığını alaraq Stepan Lalayevin həbsinə nail olması azərbaycanlılara bir ruh yüksəkliyi gətirdiyi halda, şəhərin erməni əhalisi arasında heyrət və hiddət doğurur. Erməni Milli Komitəsi başda olmaqla müxtəlif erməni cəmiyyətləri, Bakı və Şamaxı Yeparxiyasının arxiyepiskopu Baqrat, tanınmış erməni xadimləri Lalayevin müdafiəsinə qalxırlar. İngilis komandanlığına Azərbaycan tərəfini “günahsız ermənilərə” qarşı qərəzli münasibətdə ittiham edən saysız məktublar, bəyanatlar, müraciətlər ünvanlanır. General Tomson S.Lalayevin işini Azərbaycan tərəfindən alaraq öz nəzarətinə götürür və “araşdırılmaq” üçün Müttəfiqlərin Hərbi Məhkəməsinə (MHM) verir.

    Burada Azərbaycan Ədliyyə orqanlarının və FTK-nın qarşıdakı istintaqın gedişində İttiham tərəfinin mövqeyini nə qədər dəqiq və savadlı əsaslandırdığı, eləcə də MHM-ilə əlaqələri necə məharətlə qurduğunu xüsusi qeyd etmək lazımdır.

    Beləliklə, ən qısa şəkildə qeyd edək ki, Azərbaycan müstəntiqləri çoxsaylı hüquqi sənədlər hazırlamaqla yanaşı, Bakı və Şamaxıda mart hadisələri zamanı zərər çəkmiş yüzlərlə azərbaycanlı vətəndaşların yazılı şikayətlərini, müraciətlərini, məktublarını bilavasitə İngilis komandanlığına göndərirlər. Belə müraciətlərdən birinin altında 300-dən artıq şamaxılının imzası var idi və onlar şahid qismində məhkəmədə iştirak etmək tələblərini irəli sürürdülər. Bundan əlavə, Azərbaycanın müxtəlif qəzalarından erməni zorakılığına məruz qalmış, bu cinayətlərin şahidi olmuş insanlar dəstə-dəstə Bakıya gətirilir və Müttəfiq Dövlətlərin məhkəmə orqanlarına yönəldilirdi.

    MHM S.Lalayevə qarşı irəli sürülən ittihamlara ən ciddi şəkildə və bütün prosedura qaydaları gözlənilməklə baxmağa çalışırdı. Lalayevin istintaq işində onun şahidlərlə üzləşdirmələrə dair protokollar bu baxımdan böyük maraq və əhəmiyyət kəsb edir. 18 protokoldan məlum olur ki, 3 kişi, 15 qadın (ən kiçiyi 13 yaşlı qız) bu “üzləşmə” prosesində S.Lalayevi tanıyıblar, onu harada, necə gördükləri, Şamaxıda hansı atın üstündə gəzdiyi, hansı əmrlər verdiyi və s. haqda ifadə verib və üzünə ittihamlar irəli sürüblər, bu zaman S.Lalayevin özünün suallarını da düzgün cavablandırıblar. Burada qeyd olunmalıdır ki, bütün bu dindirmə, üzləşmə və d. prosedurlarda şahidlər təbii ki, öz doğma dillərində ifadə verir, sonra tərçüməçilər sual və cavabları müstəntiqlər üçün ingilis dilinə tərcümə edir, protokollar da ingilis dilində tərtib olunurdu. Bu məqam, təbii ki, MH məhkəməsi üzvlərinin işlərini olduqca çətinləşdirir və xeyli vaxt aparırdı. Bakı Şəhər rəisi, Ədliyyə Nazirliyi isə demək olar ki, hər gün MD polisi Kokkerelə S.Lalayevin işi ilə bağlı ifadə vermək istəyən şahidlərin yeni-yeni siyahılarını təqdim edirdilər.

    Görünür ki, məhz bu amil Azərbaycan hüquqçularının öz məqsədlərinə nail olmasını şərtləndirir. Belə ki, Lalayevin işini ədalətlə araşdırmağa girişən ingilis müstəntiqləri günbəgün artan sənədlər, məktublar və s. içində elə itib-batırlar ki, MDM iki aydan sonra - 1919-cu il fevralın ortalarında Azərbaycan Ədliyyə nazirinə və Dairə Məhkəməsinin sədrinə müraciət edir və üzləşdikləri çətinliklər – şikayətçilərin sayı, dindirmələrdə dil və tərcümə problemləri, şahidlərin məhkəmə prosesində yenidən dindirilməsi ehtiyacı və s. qarşısında – “adı çəkilən zabitin” istintaqını yerli hakimiyyətin məhkəməsinə vermək qərarını bildirir.

    Müttəfiqlərin Hərbi Məhkəməsinin S.Lalayevin işinə dair topladığı bütün sənədlər və onun özü Azərbaycan Məhkəmə orqanlarına təhvil edilir və bu iş üzrə öz təhqiqatlarını onsuz da dayandırmamış yerli müstəntiqlər ibtidai istintaqı başa vurmağa tələsirlər. Burada daha bir gözlənilməyən hadisə baş verir və Lalayevin ümumən Bakıdan çıxarılaraq xarici missiyaların diqqətindən az da olsa uzaqlaşdırılmasını şərtləndirir.

    Bakıda və Şamaxıda törətdikləri görünməmiş qəddarlıqlar (400 nəfər qadın və uşaqları Kiçik Qala məscidində diri-diri yandırması, məscidin axundunun isə dilinın, qulağının kəsilməsi, üz və baş dərisinin soyulması, gözlərinin çıxarılması onlarla epizoddan biri idi) Stepan Lalayevi 1918-cü il qırğınlarının ən vəhşi simvoluna çevirmişdi və onun istintaqının necə bitəcəyi az qala namus məsələsi kimi qəbul edilirdi. Azərbaycanlı əhali bu qaniçənin həbsdən çıxmasını istəmirdi. S.Lalayevin işi üzrə açılmış 5 müstəqil istintaq işi materiallarından məlum olur ki, bir neçə Bakı sakini onun saxlanıldığı Bayıl həbsxanasına gəlmiş, bu dustaqa kimin yemək apardığını öyrənərək, onu küçəyə çağırmış və gətirdikləri zəhəri Lalayevin yeməyinə qatmağı xahiş etmişlər. Əslən azərbaycanlı olan bu həbsxana işçisi qorxudanmı, ya nədənsə bu hadisə haqqında əvvəl Lalayevi, sonra həbsxana rəhbərliyini xəbərdar etmişdir. Lalayevin vəkilləri işə qarışmış, məsələ böyümüş, şəhərin bütün erməni ictimaiyəti ayağa qalxmış və Azərbaycan tərəfinə qarşı ən sərt ittihamlar, hətta 1918-ci il mart hadisələrində ermənilərin, o cümlədən Lalayevin iştirakının danılmasına qədər yalan və böhtanlar yenidən işə salınmışdır.

    Lakin Azərbaycan Ədliyyə orqanları bu dəfə də təmkinlə davranır, bu iş üzrə ayrıca cinayət işi açır, təhqiqat aparır və Lalayevin təhlükəsizliyinin təmin edilməsi məqsədilə onu Bakıdan Gəncə həbsxanasına köçürməklə erməni ictimaiyyətini və xarici himayədarları fakt qarşısında qoyur. Bu qərardan, ümumiyyətlə özünün öldürüləcəyindən ehtiyat edən və daim qorxu içində yaşayan Stepan Lalayevin Gəncədə istintaq prosesini uzatmaq və vaxt qazanmaq üçün hansı əməllərə əl atdığı üzərində dayanmadan onun aqibətinin sonluğu ilə bu məsələni bitirək.
    1919-cu ilin ortalarında Azərbaycan məhkəmə orqanları Bakı və Şamaxı üzrə istintaq işlərinə yekun vururlar və digər cinayətkarlarla birlikdə Stepan Lalayev də ona qarşı irəli sürülən bütün ittihamlarda günahkar bilinərək həbsdə saxlanılması şərti ilə işinın məhkəməyə verilməsi haqda Qərar qəbul edilir. 1919-cu il noyabrın 22-də, məhkəmə proseslərinin başlanması ərəfəsində isə Gəncə Quberniya həbsxanasının rəisi Lalayevin işini aparan müstəntiq Novatskiyə xəbər verir ki, “Stepan Lalayev noyabrın 21-də tibbi-polis baxışının arayışına görə ürək iflicindən keçinmişdir”. İstintaq işində həmin tibbi-polis baxışın müfəssəl şərhi var və ən maraqlısı, bu arayışı imzalayan iki həkimdən biri erməni idi.

    Beləliklə, Azərbaycan və onun əhalisinə qarşı qanlı cinayətlər törədənlərin öz layiqli cəzalarını almasına, Azərbaycan hökumət strukturlarının 1918-ci ilin ərazi işğalları, kütləvi qırğınlar və dinc əhaliyə qarşı soyqırımı həyata keçirənlərə münasibətdə tam qanun çərçivəsində qətiyyətlə hərəkət etməsinə və bu zaman hər hansı xarici təzyiqlərlə hesablaşmadan ədalətin bərpasına üstünlük verməsinə dair Dövlətimizin tarixi təcrübəsi vardır.

    Heç şübhə yoxdur ki, 100 ildən artıq keçməsinə baxmayaraq, bir daha Azərbaycan torpaqları, şəhər və kəndləri, xüsusilə əhalisinə qarşı cinayətlər törətmiş və hazırda həbsdə olan Dağlıq Qarabağın keçmiş “rəhbərlərinin” istintaqı və yekun qərarları Dövlətimizin haqlı mövqeyini bir daha nümayiş etdirəcək və ona qarşı irəli sürülən hər hansı ittihamların əsassız, qərəzli olduğunu sübut edəcəkdir.

    1918-ci il hadisələrinin tarixi təcrübələrinə gəldikdə, daha bir məsələni – Cümhuriyyət hökumətinin İrəvan, Qarabağ və Zəngəzurdan olan qaçqınlar problemini necə həll etdiyini də xatırlamaq lazımdır. Özlüyündə böyük və çox maraqlı olan bu mövzununun təfərrüatlarına varmadan bununla kifayətlənək ki, ingilis qoşunları Bakıya girdikdən sonra Azərbaycanı tərk etmiş erməni əhalisi yalnız şəhərlərə deyil, regionlara, o cümlədən Şamaxının kəndlərinə də qayıtmışdı. Sənədlərdən aydın olur ki, o zaman Şamaxıdakı 21 erməni kəndindən 13-ü Qafqaz İslam ordusunun hücumları ərəfəsində əvvəlcədən mal-qaralarını və əmlaklarının böyük hissəsini götürərək Ermənistana keçmiş və bu zaman “türklərə qalmasın” deyə öz evlərini yandırmışdılar (bu sonuncu fakt ermənilərin öz etirafları ilə təsdiq olunur). Daha altı kəndin sakinləri eyni qaydada, lakin evlərini yandırmadan Azərbaycanı tərk etmişdilər.

    Qaçqınlar problemi ilə məşğul olan Azərbaycan Himayədarlıq Nazirliyi İrəvan qəzaları və Zəngəzurdan olan azərbaycanlı qaçqınların bir qismini Şamaxı qəzasının erməni kəndlərində yerləşdirmişdi.

    Azərbaycan və Ermənistan hökumətləri arasında əlaqələr tənzimləndikcə “erməni qaçqınlarının” məsələsi az qala bir nömrəli problemə çevrilir. İstər dövlətlər arası danışıqlarında, istər Azərbaycan Parlamentində erməni fraksiyaları, müxtəlif erməni komitələri, erməni kilsəsi, Bakıdakı xarici nümayəndəliklər, xüsusilə İngilis və Amerika missiyalarının cəlb edildiyi müzakirələrdə bütün azərbaycanlı qaşqınların erməni kəndlərindən çıxarılması, ermənilərin məruz qaldıqları ikilərlə bağlı Azərbaycan tərəfinin kompensasiyalar ödəməsi, təsərrüfatlarının dərhal bərpa edilməsi üçün bütün lazımi kənd təsərrüfatı məmulatı ilə təmin olunmaları və d. tələblər ən kəskin şəkildə, yuxarı tonlarda irəli sürülür. Bu zaman İngilis komandanlığının 1918-ci il sentyabr hadisələri zamanı erməni əhalisinə dəyən zərərin bir qismini ödəməsi də bu hadisələrin əsas səbəbkarı olan erməni millətçiləri və əhalisinin səsini susdura bilmir.

    Azərbaycan hökumətinin bütün bu hücumlara, hayasız və əsassız tələblərə neçə cavab verdiyi, hansı tədbirlər gördüyü üzərində dayanmadan onu bildirək ki, son nəticədə 1918-ci ilin hadisələrinin gedişində qaçqın erməni əhalisinin böyük qisminin Azərbaycana, öz kəndlərinə qayıtması müqabilində azərbaycanlı qaçqınlar da İrəvan quberniyası, Zəngəzur və Qarabağa, öz torpaqlarına qaytarıldı. Yer-yurdları tamamilə dağıdılmış Azərbaycan əhalisi isə əsasən erməni kəndlərində yerləşdirildi və onların təsərrüfat həyatı Azərbaycan hökuməti tərəfindən tədricən nizama salındı.

    Bu zaman Fövqəladə Təhqiqat Komissiyasının 1918-ci il hadisələrində Azərbaycanın şəhər və kəndlərinə, mədəni irsinə və yüz minlərlə müsəlman əhalisinə dəyən ziyanlar haqqında hazırladıqları hüquqi sənədlər Paris sülh konfransında Azərbaycan Nümayəndə heyəti tərəfindən dünyanın aparıcı dövlətlərinin rəhbərlərinə və mətbuatına çatdırıldı. Azərbaycan öz müstəqil dövlətçiliyi yolunda qan tökdüyünü, ərazisinin və əhalisinin işğal və itkilərə məruz qaldığını, müstəqil dövlətçiliyə haqq etdiyini sənəd və sübutlarla ortaya qoydu. 1920-ci il 10 yanvarında Azərbaycanın müstəqilliyinin tanınmasında və Qarabağın Azərbaycanın bir hissəsi kimi qəbul edilməsində bu sənədlərin də böyük rolu oldu.

    Bu gün müstəqil Azərbaycan Respublikasının beynəlxalq mövqeləri sələfi Azərbaycan Xalq Cümhuriyyətindən qat-qat möhkəmdir. Şəhid qanları hesabına öz ərazi bütövlüyünü təmin etmiş Dövlətimizin növbəti erməni təxribatları və havadarlarının qarşısında əzmlə dayanacağı və Haqqın, Ədalətin qalib gələcəyi heç şübhə doğurmur.

    P.S. Bütün bu faktlar FTK komissiyasının sənədlərində və həmin sənədlər əsasında müəllifin apardığı tədqiqatlarda əks olunub.