
13:07
Bakıda Azərbaycan, İran və Rusiya arasında üçtərəfli görüş keçirilib.
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin həmsədrliyi ilə keçirilən görüşdə hər üç ölkənin müvafiq qurumlarının səlahiyyətli nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Baş nazirin müavini Şahin Mustafayev Azərbaycanın İran və Rusiya ilə münasibətlərində mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiq olduğunu bildirib.
Ş.Mustafayev üç ölkə arasında iqtisadi-ticari əməkdaşlığın bərabərhüquqluluq və qarşılıqlı fayda prinsipləri əsasında təşviqinin zəruriliyinə diqqət çəkib:
"Azərbaycan-İran-Rusiya üçtərəfli əlaqələri kontekstində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq böyük önəm kəsb edir".
Ş.Mustafayev Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məqsədilə ötən dövr ərzində tərəflər arasında bir sıra vacib sənədlərin, o cümlədən İran Hökuməti ilə Rusiya Hökuməti arasında İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı Sazişin və Azərbaycan Hökuməti ilə Rusiya Hökuməti arasında dəhliz üzrə tranzit yükdaşımaların inkişafı sahəsində əməkdaşlıq haqqında Sazişin imzalandığını xatırladıb.
Baş nazirin müavini 2023-cü ilin dekabrında Azərbaycan-İran sərhədində Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün və sərhəd-keçid məntəqəsinin istismara verildiyini, eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizinin vacib komponenti olan və İranın Astara şəhərində yerləşən Azərbaycan Dəmir Yollarına məxsus Cənub Yük Terminalının tikintisinin yekunlaşmaq üzrə olduğunu bildirib.
Həmçinin Vətən müharibəsində əldə edilən qələbə və işğal altında olan torpaqların azad olunmasının regionda yeni geosiyasi vəziyyət və nəqliyyat-logistika sahəsində yeni imkanlar yaratdığı qeyd olunub.
Bu baxımdan, 2022-ci ildə Azərbaycan ilə İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən Araz çayı üzərində inşası davam edən Ağbənd–Kəlalə yeni avtomobil körpüsünün regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcəyi qeyd edilib.
Araz dəhlizinin vacib komponenti olan bu körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulur.
Həmçinin Horadiz-Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır.
Bildirilib ki, bu yol infrastrukturu həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə, həmçinin Fars Körfəzini Qara Dənizə bağlayacaq.
Energetika sahəsinin üçtərəfli əməkdaşlıq kontekstində perspektivlərinə toxunan Ş.Mustafayev hazırda Azərbaycanın elektrik şəbəkəsi ilə həm Rusiya, həm də İran elektrik şəbəkələri arasında ayrı ayrılıqda bağlantıların mövcud olduğunu və bu əlaqələrin elektrik enerjisinin mübadilə və ticarətini həyata keçirməyə imkan verdiyini deyib.
Nəqliyyat sahəsində həyata keçirilən tədbirlərin gömrük-sərhəd buraxılış məntəqələrinin infrastrukturunun sinxron qaydada təkmilləşdirilməsini tələb etdiyi xüsusi qeyd edilib. Bu kontekstdə, gömrük əməliyyatlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması prioritet əməkdaşlıq istiqamətləri sırasındadır.
Ş.Mustafayev həmçinin oktyabrın 14-də üç ölkənin nümayəndə heyətləri tərəfindən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçiriləcəyini bildirib.
Rusiya Baş nazirinin müavini Aleksey Overçukun və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin çıxışlarından sonra nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər geniş müzakirə edilib.
Üçtərəfli görüşün nəticələrinə dair Kommünike qəbul olunub.
***
12:45
İran Şimal-Cənub dəhlizilə yükdaşımaların sənədləşməsini tamamilə elektronlaşdırmağı təklif edir.
Bu təkliflə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxış edib.
Onun sözlərinə görə, dövlətlər arasındakı nəqliyyat sisteminin mövcudluğu iqtisadi inteqrasiyanın əsasıdır:
"Buna görə də ölkələrin nəqliyyat infrastukturu uyğunlaşdırılmalıdır. Biz bu istiqmətdə tədbirlər hazırlayıb həyata keçirməliyik. İnfrastrukturun uyğunlaşdırılması yüklərin sabit, gecikmələr olmadan və təhlükəsiz çatdırılmasını təmin edəcək".
İranlı nazir əlavə edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi regionun 3 ölkəsi üçün mühüm əhəmiyyət kəsb edir:
"Bu dəhlizlə 2030-cu ilə qədər 15 milyon ton yükün daşınması nəzərdə tutulub. Bunun üçün ilk növbədə hər üç ölkədə yüklərin fasiləsiz ötürülməsinə nail olmaq lazımdır. Düşünürəm ki, sənədləşmənin tamamilə elektronlaşdırılması ötürmə qabiliyyətini artırar, gecikmələrin qarşısını alar. Şimal-Cənub dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xətti Rusiya ilə birlikdə tikilir. Artıq torpaq sahələri alınıb və hamarlama işləri həyata keçirilib. Qarşılıqlı razılaşmaya əsasən, İran ilə Naxçıvanı birləşdirəcək yüksək ötürücülük qabiliyyətinə malik 107 kilometrlik Culfa-Kəlalə avtomobil yolunun tikintisi davam edir".
O, İranın dəhlizin genişlənməsi istiqamətində digər ölkələrlə əməkdaşlıq etməyə hazır olduğunu da qeyd edib:
"Şimal-Cənub dəhlizi unikal və beynəlxalq əhəmiyyət daşıyan layihədir. Bu dəhliz yalnız İran, Azərbaycan və Rusiya üçün yox, eyni zamanda regionun digər dövlətlərinin iqtisadi inkişafına və sosial rifahına müsbət təsir göstərir".
12:24
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi regionun hər 3 ölkəsinin iqtisadiyyatına və nəqliyyat sisteminin inkişafına böyük təkan verir. Dəhlizin fəaliyyətinin artırılması ölkələrimizin iqtisadi inteqrasiyasına, gəlirlərinin artmasına səbəb olacaq.
Bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşdə çıxış edərkən deyib.
O bildirib ki, hazırda Rusiya, Azərbaycan və İran dəmir yolları sistemlərinin birləşməsi məsələsi müzakirə olunur.
“Biz yükdaşımaların həcmini artırmaq üçün dayanıqlı keçid məntəqələrini təşkil etməliyik. Rusiya avtomobil keçidləri üçün gömrükdə münbit şərait yaradıb, gecikmələrin qarşısı alınıb. Bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşıyan 176 min 77 nəqliyyat vasitəsi bu məntəqələrdən keçərək yükləri təhlükəsiz şəkildə mənzil başına çatdırıb. Sutkada 3 min nəqliyyat vasitəsini ötürmə qabiliyyəti olan məntəqələr formalaşdırmaq istiqamətində işlər həyata keçirilir. Bu işlərin nəticəsində cari ilin ötən 7 ayında dəhlizlə idxal olunan yüklərin həcmi 7 faiz artıb”, -deyə A.Overçuk nəzərə çatdırıb.
Rusiya Baş nazirinin müavini vurğulayıb ki, İran ilə Rusiya arasında ticarət dövriyyəsi 33 faiz artıb və bu artım tendensiyası davam edir: “Bu da yaxın gələcəkdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmini daha da artıracaq və biz buna hazır olmalıyıq”.
Qyd edək ki, Bakıda Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüş keçirilir.
Görüşdə Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Baş nazirin müavini Şahin Mustafayev, Dövlət Komissiyasının İran tərəfindən həmsədri yol və şəhərsalma naziri Fərzanə Sadeqi iştirak edirlər. Rusiya nümayəndə heyətinə Baş nazirin müavini Aleksey Overçuk başçılıq edir.
Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsinin tikintisinin davam etdirilməsi, nəqliyyat-tranzit, enerji və gömrük sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunur.
***
10:34
Azərbaycan, İran və Rusiya hökumət nümayəndələrinin üçtərəfli görüşündə hansı məsələlərin müzakirə ediləcəyi açıqlanıb.
Bu barədə Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə bildirib.
Baş nazirin müavini bildirib ki, bugünkü görüş Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlərə həsr olunub: “Üçtərəfli formatda aparacağımız müzakirələr ölkələrimiz arasında ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin daha da genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Əminəm ki, konstruktiv və müsbət məcrada keçəcəkmüzakirələrimiz üç ölkə arasında müvafiq sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.
Azərbaycan-İran-Rusiya üçtərəfli əlaqələri kontekstində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”.