Azərbaycan pasportuyla vizasız səyahətə Kolumbiya əlavə oldu
Ceyhun Bayramov Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar ilə bu haqda saziş imzalayıb
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın xarici işlər naziri Omar Bula Eskobar ilə görüşüb.
Nazirlər Azərbaycan və Kolumbiya arasında münasibətlərin mövcud vəziyyətini və perspektivlərini müzakirə edərək, siyasi dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Müzakirələr zamanı iqtisadi əlaqələrin, turizm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib. Tərəflər həmçinin BMT daxil olmaqla çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də regional və beynəlxalq proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün yekununda Azərbaycan Respublikası Hökuməti ilə Kolumbiya Respublikası Hökuməti arasında "Adi pasportlara malik şəxslərin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" imzalanıb ki, bu da Azərbaycan və Kolumbiya arasında hüquqi və institusional bazanı daha da möhkəmləndirib.
1 dəqiqə