Azərbaycan teatrının dəhşətli taleyi haqqında...
Mənim, sənin, onun və telefon arasında qalan Azərbaycan müasir teatrının taleyi
Son illər Azərbaycan teatrı haqda söhbət açılanda istifadə olunan ən parlaq epitetlərdən yoğunu “dəhşət” ifadəsidir… Müxtəlif səviyyəli cümlə sahiblərinin istifadə etdiyi bu modus, əsasən, eyni təmayüllü hökmlərlə birləşirdi: “Dəhşət bayağı”, “Dəhşət qeyri-peşəkar”, “Dəhşət …”.
Sözün düzü, İoneskonun “Kral ölür” pyesi əsasında qurulmuş “Seremoniya” adlı tamaşanı anşlaqla ifa edən Fəxrəddin Manafovun Rus Dram Teatrını qalmaqalla tərk etməsindən sonra Fəxrəddinsiz həmin mədəniyyət ocağına qayıtmağıma inanmırdım… Özü də “Seremoniya”da baş rolu oynayan Fəxrəddin Manafovun özü ilə… Amma bu baş verdi. Niyə? Ona görə ki, şəhərimizə həmin o “Seremoniya”nın rejissoru Ərşad Ələkpərov təşrif buyuraraq yeni, bu dəfə yazıçı Anarın “Mən, Sən, O, və Telefon” eyniadlı əsərinin tamaşasını səhnələşdirərək bizi premyeraya dəvət etmişdi. Əsas və ilk premyera günü kəmiyyətcə çox adam olduğundan, mən tamaşaya ikinci və təəssüf ki, sonuncu günü baxmağa qərar verdim.
Yeri gəlmişkən, deməliyəm ki, bu tamaşadan sonra da “Dəhşət” ifadəsinin yeri var idi. Lakin bu dəfə bu modus daha çox pozitiv və ürəkaçan hökmlərlə qonşuluq edirdi və “Dəhşət müasir”, “Dəhşət qeyri-adi” və “Dəhşət …” ifadələr tək mənim deyil, bir çox tamaşaçıların ağzından bal kimi tökülürdü.
Əvvəlcədən deməliyəm ki, şəxsən mənim üçün Teatr elə bir anlamdır ki, о həmişə müəyyən şəxsiyyət ətrafında qurulur və bu şəxsiyyət bir qayda olaraq - rejissordur. Yaradan, quruluş verən və onun bədii dünyası necədirsə, qarşımızdaki tamaşa də məhz bu yöndə cərəyan edəcək desəm, yanılmaram.
Anarın əsərini Rus Dram Teatrında vizuallaşdıran rejissor – bizim itirdiyimiz Azərbaycanlılardan biri - Ərşaq Ələkbərovdur. Niyə itirdiyimiz? Ona görə ki, o, Azərbaycanda deyil. Baxmayaraq ki, Ərşad 1982-ci ilin martın 8-də Bakıda anadan olub, orta məktəbi qurtarandan sonra Sankt Peterburqa getmiş və orada 2009-cu ildə Teatr Sənəti Akademiyasında S.Spivakın emalatxanasını bitirmişdir. İndi isə artıq Sankt Peterburq şəhərində yaşayır və orada “Fontanka”dakı Gənclər Teatrı və Nümunəvi "Duet" uşaq və gənclər dram teatr-studiyasında fəaliyyət göstərir. Azərbaycana yerli Mədəniyyət Nazirliyinin dəvəti ilə gəlib, tamaşanı qurub, deyəsən, bu gün geri qayıdacaq. Lakin bu barədə bir az sonra… indi isə tamaşa barədə bir neçə söz deməliyəm.
Tamaşa şəxsən mənim xoşuma gəldi, Azərbaycan üçün dəhşət müasir və qeyri-adi idi. Mən biləndə ki, tamaşa cəmi bir aya və əsasən yerli və gənc aktyorlarla qurulub, mənim daxili dəhşətəgəlmə hisslərim qarışdı.
Qarışdı, ona görə ki, inanmazdım ki, artıq müxtəlif çaplı torlarla toxunmuş və şar kimi hava ilə şişərək ağırlaşmış Bakının Rus Dram Teatrında postdramatik klassik radio ənənələri üzərində qurulan kino-teatr tamaşasını görə bilərəm. Elə bil ki, bu teatrın foyesində yerləşdirilən bozarmış saxta kitab rəfləri və əl silməyə salfeti belə olmayan tualetinə, zəifləmiş, köhnəlmiş teatr strukturuna yeni konsepsiya, əlvan, şən və nostalji ilə bol “bomba” düşmüşdü.
Rejissor Ərşad Ələkpərovun qurduğu “Mən, Sən, O və Telefon” tamaşasının əsas xüsusiyyətlərindən biri onun dramatik mətndən azad olması idi. Anar müəllimin yazdığı bu əsər proza şəklində yazıldığından onun səhnələşdirilməsi nə qədər çətin idirsə, Ərşad bu vəzifəni o qədər də rahat forma taparaq, çaqdaş medianın bütün növlərinin imkanlarından istifadə edərək vacib mesajları tamaşaçıya onun artıq müasir dünyada vərdiş etdiyi üsullarla təqdim etdi. Bu ərəfədə bir sıra aktyorların Azərbaycanın teatr xəstəliyi olan pafoslu ifaları belə ümumi təsəvvürü poza bilmədi. İnanmıram ki, hər bir rejissor Anar müəllimin bir faciəvi, ərini və uşağını itirmiş qadın personajı üzərində qurduğu bu nastolji farsı vizuallaşdıra bilərdi. Əsər yüngül olduğu qədər də çətindir və onun mövzusu müəyyən nəsil üçün çox dogma və əzizdir. Bakılı sadə bir Seymur adlı oğlan adını dəyişərək Rüstəm kimi Mədinə adlı bir qızla telefon vasitəsi ilə tanış olur və bir müddətdən sonra yeni iş yerində Seymur qəflətən həmin Mədinənin rəisi olur. Artıq telefon vasitəsi ilə Rüstəmə vurulan Mədinə işdə Seymura da vurulur və bu klassik üçbucaq fırlanaraq bucaqları ilə könüllərdə dərin izlər qoyur.
(Əsəri spoil etmək fikirim yoxdur, istəyənlər bu ünvanda onu oxuya bilərlər.
“Mən, Sən, O və Telefon” mürəkkəbliyi, dərin ədəbi dəyəri ilə seçilməyən əsər olsa belə, həyat, hisslər, duyğular haqqında danışan vacib və hər kəsin başına gələ biləcək bir hekayədir. Ədəbiyyatda çoxlu sevgi üçbucaqları var. Lakin elmi və texnoloji tərəqqi sayəsində bu hekayədə üçbucağın yeni bucağı peyda olur – telefon, internet və ya digər müasir rabitə vasitəsi.
Hər şey klassikaya uyğun inkişaf edir: faciə - komediya – fars, lakin əsərin prozaik ifası və müasir elmi-texniki tərəqqinin süjet xətti olaraq ərsəyə gəlməsi vizuallaşmanı çətinləşdirir. Tamaşanın rejissoru Ərşad Ələkbərov və rəssam Kristina Danilina bu vəzifədən, mənim bir rejissor kimi fikrimcə, çox məharətlə çıxır. Bu tandem Azərbaycanda ənənəvi yanaşma sayılan mövcud dramın illüstrasiyasını dayandırır, obrazlılıq və povest prinsiplərindən imtina edir. Əvəzində postdramatik teatr qanunlarına arxalanır: minimalist səhnə quruluşu, önə çıxarılan və dövrü təsdiqləyən əlvan geyim və saç düzümləri və ən əsası, aktyorların dramatik mətndən emansipasiyası. Dram özü-özlüyündə mövcud olmaqda davam edir, lakin bir yox, bir neçə sifətlərdə. Ərşadın tamaşasının sərhədləri musiqili və mimik teatrın, müasir rəqslərin, korporativ teatrın (məsələn, “Kapustnik”), radio tamaşa, qısametrajlı kino və sirkin ifaçılıq formaları üçün açıqdır. Ərşadın müasir teatrı multimedia texnologiyalarından istifadə edir və getdikcə “müasir incəsənət” ərazisinə daxil olur. Bu cür müxtəlif formalar bizə bir əsərin emosional və fundamental mesajlarını anlamağa ciddi yardım edir.
Aktyorları da bu debütlə təbrik edirəm! İnanmaq istəyirəm ki, bu üslubla tanış olandan və ifa mədəniyyətlərini bu yüksəkliyə qaldırandan sonra çox səmimi və təbii ifaları ilə yadda qalan Natavan Hacıyeva, İbrahim Çingiz, Rəşad Əliyarov, Yeganə Hüseynli, Murad İsmayılov, Dilarə İsmayılova, Cövhər Abdullayev, Syama Vəliyeva, Rüfət Əliyev, Samirə Rüstəmova, Zaur Terequlov və balaca Fuad İsmayılov bundan sonra rejissorların seçimində daha dəqiq və tələbkar olarlar.
Mənim üçün teatr və ya kinoda bir neçə vacib meyar var və mən onları üç rəngli flomasterlə əlaqələndirirəm: Göy – Aktuallıq, Qırmızı – Enerji və Yaşıl - Bacarıq. Göy – Aktuallıq, yəni “Niyə yazıçı bu əsəri indi yazıb və rejissor bunu məhz bu zaman bizə təqdim edir?” sualına Azərbaycanda cavab axtarmaq mənasızdır – ölkəmizdə bütün teatrlar hökumət nəzarətindədir və yalnız icazəli tamaşaları ərsəyə gətirir. Bu nöqteyi nəzərdən, Azərbaycan teatrında aktuallıq sıfra bərabərdir. Mənim kriteriyalarıma görə bu üç flomasterlərdən, heç olmasa, biri yarımçıq da olsa, tamaşaçılarda iz buraxırsa, bu maraqlı işdir və ona diqqət yetirmək lazımdır! Ərşadın tamaşasına baxandan sonra onun arsenalında olan yalnız Qırmızı və Yaşıl flomasterlərdən məharətli istifadə etməsi mənim təsəvvürümdə artıq dərəcədə aydın görünən təsvirlər yaratdı – Azərbaycan Teatrının intibah təsvirlərini…
P.S. Sonda təəssüf hissi ilə nəzərinizə çatdırmaq istəyirəm ki, Ərşad Ələkpərov bu gecə geri, Sankt Peterburqa qayıdır və mən çox narahatam ki, Rusiyada olan hərbi səfərbərlik maşını onun təzə çiçəklənən rəngarəng dünyasını xaki rənginə bulayıb Ukrayna “ət maşını”na ata bilər - bizim Azərbaycanlı rejissor və aktyor Ərşad Ələkpərovu… Bəlkə biz, Azərbaycanlılar varımıza və sərvətimizə əvvəlcədən yiyə durmağı öyrənməliyik ki, itirəndən sonra yas qurmayaq. Bəlkə Azərbaycan Mədəniyyət Nazirliyi bu dəhşətli faciənin qarşısını almaq üçün məsələyə ciddi diqqət edərək Ərşad Ələkpərovu Vətəndə saxlayıb onu qırğına yox, yaradıcılığa dəvət edər, in şa Allah?!