Azərbaycan gəmilərinin saxlanılmasının detalları məlum olub
Eritreya Azərbaycanın üç gəmisini girov saxlayır YENİLƏNİR
15:45
"Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialına məxsus gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir.
Bu barədə şirkətdən məlumat verilib.
"Aparılan danışıqların nəticəsi olaraq, Eritreyanın müvafiq qurumları ilə məsələnin həllinə nail olmaq üçün şirkət səlahiyyətli nümayəndələr təyin edib və hazırda yoxlamanın yekunlaşması və gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir. Şirkətin səlahiyyətli nümayəndələri heyət üzvləri ilə daim sıx əlaqədədir və heyətin ərzaq təchizatı, eləcə də digər təchizat məsələlərində hər hansı problem mövcud deyil. Həmçinin, heyət üzvlərinin öz yaxınları ilə vaxtaşırı əlaqə saxlaya bilməsi üçün bütün texniki imkanları şirkət təmin edib", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreyanın ərazi sularına məcburi giriş edib. Keçid zamanı Eritreyanın liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra bu dövlətin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq gəmilər saxlanılıb. Gəmilərdə heyət üzvlərindən 18 nəfəri Azərbaycan vətəndaşıdır.
Hadisə ilə bağlı ilkin məlumatlar 2024-cü il noyabrın 7-də Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra məsələ nəzarətə götürülüb.
***
15:30
"Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı gəmilərinin Eritreyanın ərazi sularında saxlanılmasına münasibət bildirib.
Filialdan verilən açıqlamada deyilir ki, “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri sahibkarlıq fəaliyyəti çərçivəsində Əbu-Dabi limanına yola düşüb və müəyyən edilmiş marşrut üzrə səfərin Süveyş kanalından keçməklə həyata keçirilməsi nəzərdə tutulub.
Gəmilərin riskli piratlıq qaynar nöqtələrdən keçməsi nəzərdə tutulduğu üçün təhlükəsizliyin təmin edilməsinə ehtiyac yaranıb, bu məqsədlə gəmilərin mühafizəsini təmin etmək sahəsində ixtisaslaşmış müvafiq şirkət ilə müqavilə bağlanılaraq gəmilərə hər bir gəmiyə 2 nəfər olmaqla hərbiləşdirilmiş mühafizə qrupları ilə təmin edilib.
Noyabrın 7-də gəmilər Eritreyanın dəniz sahil xəttindən keçərkən hava şəraiti səbəbindən Eritreyanın ərazi sularına girməklə hərəkəti davam etdirmək qərarı verilib və gəmi kapitanları ərazi sularına daxil olmaqla bağlı məlumatın çatdırılması üçün Eritreyanın təhlükəsizlik və sahil mühafizəsi qurumları ilə VHF-16 beynəlxalq kanalı vasitəsilə əlaqə saxlanılmasına çalışıb, lakin cavab almayıb.
Noyabrın 7-si yerli vaxtla saat 10:06-da gəmidən əldə edilmiş hesabata əsasən, hər üç gəmini 13°23'N, 042°39'E koordinatlarında Eritreya hərbi donanması xidmətinin saxladığı məlum olub. Belə ki, xidmətin tələblərinə uyğun olaraq gəmilər hərəkət kursunu dəyişərək hərbi donanmanın təyin etdiyi məntəqəyə gəlib və lövbərə dayandıqdan sonra hərbi donanmanın nümayəndələrinin yoxlama prosesinə cəlb ediliblər.
Sözügedən gəmilərdə 18 Azərbaycan vətəndaşı və 6 əcnəbi vətəndaş olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.
Qeyd olunan məsələ ilə əlaqədar kapitanlardan məlumat daxil olan kimi şirkət elə həmin gün, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinə rəsmi qaydada müraciət edib. Daha sonra isə Xarici İşlər Nazirliyinə müvafiq qaydada müraciətlər olunub və məsələnin həlli ilə əlaqədar adı çəkilən qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində bütün işlər görülüb.
Eyni zamanda gəmilərin sığortalanmasını həyata keçirən sığorta şirkətinin səlahiyyətləri nümayəndələrinə və Böyük Britaniyanın müvafiq hüquq şirkətlərinə də müvafiq müraciətlər edilib və məsələnin həllinin tezləşdirilməsi üçün adı çəkilən təşkilatlar da əməkdaşlığa cəlb olunub.
***
14:06
Hər gəmidə 6 azərbaycanlı dənizçi olmaqla 18 heyət üzvü olub.
Bu barədə Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Agentlik tərəfindən gəmilərin məxsus olduğu "Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı ilə mütəmadi danışıqlar aparılır.
“Şirkətdən bildirilir ki, gəmilərlə hər gün əlaqə saxlanılır, gəmilər vaxtı-vaxtında ərzaqla və digər tələbatlarla təmin edilir, heyətin ailələri ilə rabitə əlaqəsi üçün müvafiq köməkliklər göstərilir”, - Agentlik rəsmisi vurğulayıb.
Agentlik rəsmisi onu da qeyd edib ki, şirkətdən verilən məlumata əsasən, sözügedən gəmilər Eritreya dövlətinin ərazi sularına hava şəraitinin kəskin dəyişməsi səbəbindən daxil olub.
Pərvanə İmanova xatırladıb ki, 2024-cü ilin 7 noyabr tarixində "Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA-nə məlumat daxil olub: “Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib. Bununla yanaşı, Agentlik tərəfindən Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib”.
***
12:40
7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib.
Bu barədə XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb.
“Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşıdır.
Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb.
Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.
Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir”, - XİN rəsmisi vurğulayıb.
***
11:22
Azərbaycana məxsus 3 gəminin heyəti ilə birlikdə Afrikada, Eritreya sahillərində saxlanılması ilə bağlı Eritreya Dövlətinin dəniz nəqliyyatı sahəsi üzrə səlahiyyətli qurumuna, habelə BDT-yə, Eritreyanın BDT-dəki daimi nümayəndəliyinə və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə rəsmi məktubla müvafiq məlumatlar təqdim edilib.
Bu barədə Dövlət Dəniz və Liman Agentliyinin mətbuat katibi Pərvanə İmanova bildirib.
Qeyd edib ki, 2024-cü ilin 7 noyabr tarixində"Caspian Marine Services B.V." şrikətinin Azərbaycandakı filialı tərəfindən sözügedən şirkətə məxsus 3 gəminin Eritreya dövlətinin səlahiyyətli qurumları tərəfindən saxlanılması barədə DDLA -nə məlumat daxil olub:
"Dərhal Agentlik tərəfindən Xarici İşlər Nazirliyinə işçi qaydada məlumat verilib".
Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) məlumat yayaraq Afrika qitəsində saxlanılan gəmilərin ASCO-ya aid olmadığını bildirib.
Məlumat üçün deyək ki, saxlanılan üç gəmi Azərbaycan bayrağı altında üzür.