Azərbaycanda 37 qeyri-müsəlman icması qeydiyyatdan keçib
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib
Azərbaycanda 956 islam icması, 37 qeyri-müsəlman icması qeydiyyatdan keçib. Ölkəmizdə 5 dini məktəb, 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin martın 30-da keçirilən iclasında “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” məsələsinə münasibət bildirərkən səsləndirib.
Mübariz Qurbanlı onu da deyib ki, Azərbaycan müstəqil olanda 17 məscid var idi. "Eyni zamanda dini idarə edən kadrlar yox idi. Dini kadrların olmaması əslində din haqqında yanlış məlumatların yaranmasına səbəb olurdu. Əhalinin din bilgilərinin az olmasından istifadə edənlər də vardı. Hazırda 2500 qədər məscid var ki, onlardan 1500-ə qədəri gündəlik fəaliyyət göstərir", - Mübariz Qurbanlı vurğulayıb.
Onun sözlərinə görə, müstəqilliyimiz bərpa olunduqdan və dövlətin strateji hədəfləri müəyyən edildikdən sonra dinə də münasibət bildirilib. Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı dövlət kimi formalaşmasında Ulu Öndər Heydər Əliyevin böyük rolu vardır.
Ölkəmizdə din və dövlətin bir-birindən ayrı olduğunu diqqətə çatdıran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanın din siyasətinin əsasında tolerantlıq, dünyəvilik və vəhdət dayanır. Son zamanlar baş verənlər onu deməyə əsas verir ki, dövlət-din məsələlərinə münasibətdə qanunvericilikdə müəyyən təkmilləşdirmə aparılmasına ehtiyac var.