XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi

Tədbirdə alimlər, tarixçilər, ekspertlər və ictimaiyyət nümayəndələri iştirak edirlər

Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 12:40

    Hazırda radikal ermənilər dini irsdən silah kimi istifadə etməyə çalışırlar.

    Bu sözləri “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədrinin müavini Fərhad Məmmədov deyib.

    Onun sözlərinə görə, Ermənistan kilsəsinin son zamanlar qəbul etdiyi qərarlar göstərir ki, Ermənistan cəmiyyətində ən böyük revanşizm elə budur. “Qafqaz Albaniyası irsinin tarixi daha da dərin araşdırılmalıdır. Ancaq bu yolla elmi və siyasi səviyyədə təsiri görüləcək”, - deyə Fərhad Məmmədov bildirib.
    ***

    11:53

    Qafqaz Albaniyası irsinin qorunmasının siyasi məqamları da xüsusi əhəmiyyət daşıyır. Dünən Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olundu. Məhz bu gün Qafqaz Albaniyası irsinin müzakirə edilməsi olduqca simvolikdir. Çünki Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan bu irsin araşdırılması və qorunması milli tariximizin bütövlüyünün təmin edilməsi baxımından əhəmiyyətlidir.

    Bu sözləri “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

    O qeyd edib ki, ölkəmizin ərazisində tarix boyu müxtəlif dövlətlər mövcud olub və onların hər biri Azərbaycan xalqına zəngin tarixi və mədəni irs qoyub. Bu irsi geniş şəkildə araşdıraraq ictimaiyyətə təqdim etməsək, müəyyən boşluqlar yaranır və həmin boşluqlardan öz məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr meydana çıxır.

    “Qafqaz Albaniyası tarixinin araşdırılması istiqamətində elmi fəaliyyət daha da genişləndirilməlidir. Bu baxımdan erməni və gürcü dillərinin öyrənilməsi, eləcə də Qafqaz tarixinin ilkin mənbələr əsasında araşdırılması xüsusi əhəmiyyət daşıyır.

    Bəzi erməni radikalları Qarabağda mövcud olan kilsələrin Azərbaycan tərəfindən “albanlaşdırıldığını” iddia edirlər. Lakin bu yanaşma reallığı əks etdirmir. Azərbaycanın ərazisində müxtəlif xalqlara və dini icmalara məxsus tarixi ibadət məkanları mövcuddur və ölkəmiz bu abidələrin qorunmasına diqqət yetirir”, - deyə İdarə heyətinin sədri vurğulayıb.

    Fərid Şəfiyev əlavə edib ki, Qafqaz Albaniyasının tarixinin müəyyən dairələr tərəfindən dəyişdirilərək erməniləşdirilməsi cəhdləri də müşahidə olunur. Qafqaz Albaniyasının tarixi və bu sahədə aparılan elmi araşdırmalar regionun qədim və mürəkkəb tarixinin daha obyektiv şəkildə öyrənilməsinə imkan verir. Bu baxımdan, Qafqaz Albaniyası irsinin araşdırılması yalnız tarixi deyil, həm də siyasi və elmi əhəmiyyət daşıyan məsələdir.

    ***
    11:40

    Ümumiyyətlə, Qarabağda prinsipial əhəmiyyət daşıyan və yalnız Qarabağ, yaxud Qafqaz xristianlığı üçün deyil, bütövlükdə xristian dünyası üçün əhəmiyyətli olan üç kilsə var. Bunlardan biri Gəncəsər, digəri Xudavəng, üçüncüsü isə Amaras, yəni Ağoğlan kilsəsidir.

    Bu sözləri “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda keçirilən tədbirdə Qafqaz Tarixi Mərkəzinin direktoru, hərbi ekspert Rizvan Hüseynov deyib.

    “Alban irsi müxtəlif tarixi dövrlərdə dağıntılara məruz qalıb. Diplomatik korpusun nümayəndələri dəfələrlə Qarabağa səfər ediblər. Burada müəyyən ideoloji məsələlər də var ki, erməni tərəfi onları konservasiya edərək saxlayır ki, gələcəkdə vəziyyət dəyişərsə, həmin məsələlərdən yenidən istifadə edə bilsin”, - deyə ekspert vurğulayıb.

    ***

    11:31

    Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” mövzusunda tədbir keçirilir.

    Tədbirdə Azərbaycanın qədim dövlətçilik tarixində Qafqaz Albaniyasının yeri və rolu, onun siyasi, mədəni və dini irsi ilə bağlı məsələlər müzakirə olunur. Tədbirdə alimlər, tarixçilər, ekspertlər və ictimaiyyət nümayəndələri iştirak edirlər.