Azərbaycanlı rəsmilərlə görüşdə Balasanyan da iştirak edib
Bu barədə erməni mətbuatı yazıb
Dekabrın 7-də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmilərinin Xocalıda Rusiya sülhməramlılarının komandanlığı ilə keçirdiyi görüşdə Qarabağ separatçılarının nümayəndəsi də iştirak edib. Bu barədə “Hraparak”ın məlumatında deyilir. Məlumata görə, həmin şəxs Qarabağ separatçılarının qondarma “təhlükəsizlik katibi" Vitali Balasanyan olub.
Separatçıların bununla bağlı yaydığı xəbərdə qeyd edilib ki, Vitali Balasanyan bu görüşdə qondarma “Artsax”ın maraqlarını qorumaq mövqeyindən çıxış edib.
Xatırladaq ki, dekabrın 3 və 7-də İqtisadiyyat Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri Qarabağın dağlıq hissəsinə keçərək, hazırda Azərbaycan Respublikasının ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb.
Sülhməramlıların Xocalıdakı qərargahında keçirilmiş görüşdə faydalı qazıntı yataqlarına, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunub.
Rəsmi məlumatda görüşün konstruktiv ruhda keçdiyi, aidiyyəti üzrə təmasların davam etdiriləcəyi bildirilib.