XƏBƏRLƏR / Münaqişə

Azov dənizində PUA hücumuna görə 5 soydaşımız həlak olub

Azov dənizində "Natra" və "Zirkon" yük gəmiləri 8 naməlum dronun hücumuna məruz qalıb FOTO / YENİLƏNİB / VİDEO

Azov dənizində PUA hücumuna görə  5 soydaşımız həlak olub
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 21:36

    Azov dənizində Palau bayrağı altında üzən gəmiyə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı dördə çatıb.

    Hadisə zamanı xəsarət alan daha bir nəfər – gəminin bosmanı Rəşad Mədətxanov Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

    Hazırda o, digər yaralılar Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli ilə birlikdə eyni palatada müalicə alır.

    Məlumata görə, yaralılar yenidən həkim müayinəsindən keçirilib. Emin Valehovun sağ qulağında problemlərin yarandığı bildirilir. Namiq Cəfərlinin hər iki qulağında eşitmə ilə bağlı narahatlıq olduğu qeyd olunub. Rəşad Mədətxanovun isə baş nahiyəsindən xəsarət aldığı açıqlanıb.

    Hüquq-mühafizə orqanlarının nümayəndələri də yaralılarla görüşərək onların ifadələrini alıblar. Dindirilmə zamanı zərbənin bəzi təfərrüatları məlum olub.

    Yaralıların sözlərinə görə, gəminin böyük mexaniki Qismət Əliyev pilotsuz uçuş aparatının zərbəsi nəticəsində ağır yanıq xəsarətləri alıb və həyatını itirib.

    Gəminin kapitanı Fuad Orucovun isə hücum zamanı ayağının sındığı və ağır yaralandığı bildirilir. Məlumata görə, ona xilasedici jilet geyindirildikdən sonra suya endirilib. Yaralıların ifadəsinə əsasən, Fuad Orucov da hadisə nəticəsində həlak olub.

    ***

    17:14

    “Hər şey yaxşıdır. Valideynlərim narahat olmasın”.

    Bunu bu gün Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşı Samid İbadzadə deyib.

    Hazırda Yeysk Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsində olan Samid İbadzadə vəziyyətinin normal olduğunu qeyd edib.

    ***

    17:03

    Azov dənizində pilotsuz təyyarənin hücumuna məruz qalan gəmidə həlak olan iki Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyən edilib.

    Palau bayrağı altında üzən "Zirkon" gəmisinə edilən dron hücumunda Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həlak olublar.

    ***

    15:50

    Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert "Madyar" Brovdi Azov dənizində beş gəmiyə hücum barədə məlumat verib və VİDEO yayımlayıb.

    Bu hücumlarda beş Azərbaycan dənizçisi həlak olub.

    ***

    13:15

    Bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib.

    XİN-dən verilən xəbərə görə, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

    Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.

    Hal-hazırda, məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarımız, ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Rusiyadakı səfirliyimizin bir neçə nəfər əməkdaşı hadisə yerinə yola düşüblər. Vətəndaşlarımızın vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri diqqətdə saxlanılır.

    Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayırıq.

    11:39

    Azərbaycanlıları daşıyan gəmilərə hücum nəticəsində beş nəfər həlak olub.

    Azov dənizində "Natra" (Beliz bayrağı altında) və "Zirkon" (Palau bayrağı altında) yük gəmilərinə dron hücumu edilib. Türkiyədən Rostov-Dona taxıl yükləmək üçün ballastla gedən hər bir gəmi dörd dron tərəfindən vurulub.

    Azərbaycan mediasının məlumatına görə, hücumda ölənlərin hamısı Azərbaycan vətəndaşları olub.

    Hər iki gəmi xarici bayraqlar altında üzürdü və Bakı ilə heç bir əlaqəsi yox idi, azərbaycanlı dənizçilər özəl olaraq işə götürüldülər.