Bakı-Sumqayıt yolunda qəzada ölən və yaralanan var YENİLƏNİB
Avtobus beton arakəsməyə çırpılıb
13:35
Bakı-Sumqayıt avtomagistralında baş verən qəza ilə bağlı dekabrın 10-da saat 06:35 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 6 nəfər (4-ü qadın, 2-si kişi) gətirilib.
Bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib. Bildirilib ki, qapalı kəllə-beyin travması alan 1963-cü il təvəllüdlü qadın həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Digər xəsarət alanlar - 1961-ci il təvəllüdlü qadın qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı, şəxsiyyəti məlum olmayan qadın qapalı kəllə-beyin travması, sol baldırın sınığı, 1992-ci il təvəllüdlü kişi üzün yumşaq toxumasının əziyi, aşağı ətrafın travması diaqnozları ilə Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri ağırdır.
1987-ci il təvəllüdlü kişinin qapalı kəllə-beyin travması, sağ dirsək sümüyün sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
1975-ci il təvəllüdlü qadına isə təpə nahiyəsinin sıyrıntısı, dirsəyin və ayağın əziyi diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
***
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən "Frod Tranzit" markalı mikroavtobus beton arakəsməyə çırpılıb.
Hadisə zamanı bir nəfərin öldüyü bildirilir, altı nəfər ağır yaralanıb. Onlardan dördünün vəziyyəti ağırdır.
İlkin ehtimala görə, qəzaya sürücünün yuxulaması səbəb olub.