Bakı və Aşqabad ekoloji əməkdaşlığı müzakirə ediblər
Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Mərkəzi Asiya Regional Ekoloji Mərkəzinin rəsmisi Mergen Kepbanovla görüşüb
Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov Mərkəzi Asiya Regional Ekoloji Mərkəzinin (CAREC) Türkmənistandakı layihə ofisinin direktoru Mergen Kepbanovla görüşüb.
Görüş zamanı Azərbaycanla Mərkəzi Asiya ölkələri, o cümlədən Türkmənistan arasında ekoloji dialoqun və əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər iqlim dəyişiklikləri, Xəzər dənizinin biomüxtəlifliyinin qorunması, su ehtiyatlarının səmərəli idarə olunması, torpaqların deqradasiyasına qarşı mübarizə, bərpa olunan enerji, ekoloji təhsil və gənclərin ekoloji gündəliyə cəlb olunması istiqamətlərində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Qeyd olunub ki, CAREC-in Türkmənistandakı layihə ofisi ilə Azərbaycan tərəfi arasında artıq formalaşmış əməkdaşlıq əlaqələri mövcuddur. Layihə ofisinin nümayəndələri 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində müxtəlif tədbirlərdə, eləcə də Türkmənistan və Azərbaycan vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın inkişafına yönəlmiş forum və təşəbbüslərdə iştirak ediblər.

Görüşdə metan emissiyalarının azaldılması məsələsinə xüsusi diqqət yetirilib. Mergen Kepbanov oktyabrın 29–30-da Aşqabadda CAREC-in layihə ofisinin dəstəyi ilə metan emissiyalarının azaldılmasına həsr olunmuş beynəlxalq konfransın keçirilməsinin planlaşdırıldığını bildirib. Qeyd olunub ki, konfrans metan emissiyalarının azaldılması sahəsində təcrübə mübadiləsi, müasir yanaşmaların və praktiki həllərin müzakirəsi, eləcə də iqlim təşəbbüslərinin həyata keçirilməsi üçün platforma rolunu oynayacaq.
Həmçinin, görüşdə Bakı və Aşqabadda ekologiya, iqlim və dayanıqlı inkişaf mövzularında birgə konfransların, dəyirmi masaların və ekspert görüşlərinin keçirilməsi, eləcə də Azərbaycan və Türkmənistanın müvafiq dövlət qurumları, diplomatik nümayəndəlikləri, elmi-tədqiqat və ekspert təşkilatları arasında əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Eləcə də Xəzər regionunda mövcud ekoloji çağırışların ümumiliyi və bu sahədə əldə olunmuş əməkdaşlıq təcrübəsinin Azərbaycan, Türkmənistan və Mərkəzi Asiya ölkələri arasında daha sistemli əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığı vurğulanıb.
Eyni zamanda görüşdə ekologiya, iqlim və dayanıqlı inkişaf sahələrində işgüzar dialoqun davam etdirilməsi və mövcud tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsi istiqamətində qarşılıqlı maraq ifadə olunub.
2 dəqiqə