XƏBƏRLƏR / Hadisə

Bakıda avtomobil partlayıb, xəsarət alan var

YENİLƏNİB

Bakıda avtomobil partlayıb, xəsarət alan var
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 16:52

    DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bu gün Qaradağ rayonu ərazisində avtomobildə partlayış baş verməsi ilə bağlı müraciət edib.

    "Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdar edir ki, benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır. Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər.

    Lakin aparılmış təhlillər və son hadisələr göstərir ki, istismar dövründə qaz avadanlıqlarına lazımi texniki qulluq göstərilməməsi, mütəmadi texniki baxışdan keçirilməməsi, həmçinin köhnə və texniki cəhətdən yararsız avtomobillərdə bu sistemlərin istifadəsi çox zaman ağır fəsadlara səbəb olur.

    Ələt qəsəbəsində baş vermiş hadisə bir daha onu deməyə əsas verir ki, belə nəqliyyat vasitələri hər an partlamağa hazır olan bir “bomba” kimidir. Belə hallarda təhlükə təkcə sürücünün deyil, həm də digər hərəkət iştirakçılarının – yoldakı hər bir insanın həyatını riskə atır.

    Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi diqqətli olmağa, təhlükəsizliyi riskə atmamağa və avtomobillərdə qaz avadanlığının quraşdırılmasından çəkinməyə çağırır. Bu, təkcə avtomobilin deyil, həyatın qorunması məsələsidir", idarəninn müraciətində deyilir.

    ***

    10:35

    Bu gün saat 06:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu ərazisindən partlayış baş verməsi səbəbilə çağırış qeydə alınıb.

    Bu barədə TƏBİB-dən bildirilib.

    Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.

    Təcili tibbi yardım briqadası tərəfindən 44 yaşlı (kişi) şəxs sağ ayağın və diz oynağının travması diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstituna hospitalizasiya olunub.