Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan konfrans
Tədbirə Birləşmiş Millətlər Təşkilatının nümayəndələri də qatılıblar YENİLƏNİR
17:42
Bakıda “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirdə Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi, eləcə də Mərakeş və Cənubi Afrika Respublikasından nümayəndələr, BMT-nin İnsan Hüquqları Şurasının ekspertləri, diplomatlar, parlament üzvləri, hüquq müdafiəçiləri, tarixçilər və beynəlxalq hüquq üzrə mütəxəssislər iştirak ediblər.
Konfransda Belçikanın müstəmləkəçilik siyasətinin Mərkəzi Afrika xalqlarına vurduğu tarixi, siyasi, iqtisadi və sosial zərər, müstəmləkəçilik irsinin bu gün də davam edən təsirləri, tarixi ədalətin bərpası, reparasiya və mədəni irsin restitusiya məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, müstəmləkəçilik dövründə törədilmiş cinayətlərin nəticələrinin aradan qaldırılması yalnız maliyyə kompensasiyası ilə məhdudlaşmamalıdır. İlk növbədə, tarixi məsuliyyət dövlət səviyyəsində tanınmalı, zərər çəkmiş xalqlardan rəsmi üzr istənilməli, təzminat mexanizmləri müəyyənləşdirilməli və gələcəkdə oxşar halların təkrarlanmaması üçün hüquqi təminatlar yaradılmalıdır.
A.Abbasov qeyd edib ki, KDR, Ruanda və Burundi uzun illərdir Belçikanın müstəmləkəçilik siyasətinin nəticələrinin aradan qaldırılması ilə bağlı konkret addımlar gözləyirlər. O vurğulayıb ki, reparasiya məsələsi beynəlxalq hüquqi müstəvidə müzakirə olunmalı və bu proses mərhələli, şəffaf və konkret mexanizmlər əsasında həyata keçirilməlidir.
KDR-in Milli İnsan Hüquqları Komissiyasının Prezidenti, ombudsman Paul Nsapu Mukulu bildirib ki, Belçikanın Afrikadakı müstəmləkəçilik tarixinin obyektiv şəkildə araşdırılması tarixi ədalətin bərpası üçün əsas şərtlərdən biridir. Onun sözlərinə görə, xüsusilə KDR, Ruanda və Burundi xalqlarının yaşadığı tarixi hadisələr uzun müddət birtərəfli təqdim edilib. P.N.Mukulu vurğulayıb ki, həmin dövrdə törədilmiş cinayətlər və insan hüquqları pozuntuları barədə həqiqətin üzə çıxarılması qurbanların ədalətə çıxışını təmin etməklə yanaşı, gələcəkdə oxşar halların qarşısının alınmasına da xidmət edə bilər.
KDR-in Milli Assambleyasının deputatı, “İlk öncə xalq” partiyasının üzvü Fransis Tşibalabala Mukunayi çıxışında qeyd edib ki, 101 il sonra müstəmləkəçilik irsinə qayıtmaq keçmişi yenidən yazmaq deyil, tarixi həqiqəti qəbul etmək məqsədi daşıyır. O bildirib ki, müstəmləkəçilik resursların istismarı, məcburi əmək, ayrı-seçkilik, təzyiq, mədəni irsin mənimsənilməsi və müxtəlif sosial problemlərlə müşayiət olunub. Bununla yanaşı, KDR xalqının bütün bu çətinliklərə baxmayaraq, 1960-cı il iyunun 30-da müstəqilliyini əldə etməsi onun həm də müqavimət və ləyaqət tarixidir. F.T.Mukunayın sözlərinə görə, kompensasiya tələbi intiqam kimi deyil, ədalətin, tarixi məsuliyyətin tanınmasının və barışığın təmin edilməsinə xidmət edən mexanizm kimi qiymətləndirilməlidir.
İqamətgahı Ankarada olmaqla Ruanda Respublikasının Türkiyə, Azərbaycan, Qazaxıstan və Livandakı səfiri Çarlz Kayonqa isə çıxışında müstəmləkəçiliyin yalnız ərazilərin işğalı ilə məhdudlaşmadığını, eyni zamanda həmin cəmiyyətlərin siyasi institutlarını, sosial münasibətlərini, iqtisadi strukturlarını və identiklik anlayışlarını formalaşdıran uzunmüddətli sistem yaratdığını diqqətə çatdırıb. O qeyd edib ki, müstəmləkəçilik formal olaraq başa çatdıqdan onilliklər sonra belə onun yaratdığı struktur və münasibətlərin təsirləri bir sıra keçmiş müstəmləkələrdə qalmaqda davam edir. Buna görə də məsuliyyət və reparasiya məsələlərinin müzakirəsi zamanı həmin tarixi strukturların dərindən araşdırılması vacibdir.
Konqo Demokratik Respublikasının UNESCO üzrə Milli Komissiyasında gənclər proqramı üzrə assistent Ester Kile Va Nqoy bildirib ki, Belçikanın müstəmləkəçilik siyasəti KDR-də həddindən artıq istismar, iqtisadi asılılıq və sosial parçalanma kimi ciddi nəticələr yaradıb. “Müstəmləkəçilik dövründə KDR-in təbii və mineral sərvətlərindən geniş istifadə olunub, yerli institutlar zəiflədilib, irqi ayrı-seçkilik və sosial bərabərsizlik dərinləşib”, - deyə əlavə edib. O, Afrika xalqlarının mədəni və bədii irsinin Avropaya aparılmasını vurğulayaraq, bu irsin mənşə ölkələrinə qaytarılması istiqamətində daha geniş və şəffaf prosesin aparılmasının vacibliyini bildirib.
Konfrans iştirakçıları müstəmləkəçilik dövründə mədəni irsin mənimsənilməsi və onun mənşə ölkələrinə qaytarılması məsələsinə də xüsusi diqqət yetiriblər.
Qeyd edilib ki, Belçikanın Kral Mərkəzi Afrika Muzeyinin kolleksiyalarında Mərkəzi Afrikadan olan on minlərlə artefakt saxlanılır. Belçikanın rəsmi məlumatlarına görə, muzeydə Mərkəzi Afrikadan təxminən 85 min obyekt, ümumilikdə isə 128,5 min etnoqrafik obyekt və musiqi aləti mövcuddur.
Tədbirdə BMT Baş Assambleyasının 60/147 saylı Qətnaməsi ilə müəyyən edilmiş reparasiya prinsiplərinə də diqqət çəkilib. Qətnamədə reparasiyanın restitusiya, kompensasiya, reabilitasiya, satisfaksiya və pozuntuların təkrarlanmaması təminatlarını əhatə etdiyi göstərilir. Satisfaksiya çərçivəsində faktların müəyyənləşdirilməsi və həqiqətin ictimai şəkildə açıqlanması, uyğun hallarda rəsmi üzr və digər tanınma tədbirləri nəzərdə tutulur.
Konfransda səsləndirilən fikirlərdə xüsusi olaraq vurğulanıb ki, reparasiya yalnız maliyyə ödənişi kimi qəbul edilməməlidir. Tarixi həqiqətin tanınması, qurbanların ləyaqətinin bərpası, mədəni irsin qaytarılması, arxivlərə çıxış, reabilitasiya, institusional islahatlar və gələcəkdə oxşar pozuntuların təkrarlanmamasına dair təminatlar reparasiyanın daha geniş məzmununu təşkil edir.
Tədbirin yekununda müstəmləkəçilikdən zərər çəkmiş xalqların tarixi həqiqətlərinin beynəlxalq səviyyədə daha geniş tanıdılması, reparasiya məsələsinin beynəlxalq təşkilatların gündəliyində daha sistemli şəkildə müzakirə olunması, hüquqi mexanizmlərin gücləndirilməsi və tarixi ədalətin bərpasına yönəlmiş əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
İştirakçılar bildiriblər ki, tarixi ədalətin bərpası yalnız keçmişin qiymətləndirilməsi deyil, həm də gələcək nəsillər üçün daha ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşdırılması məsələsidir.
***
12:20
Müstəmləkəçilik yalnız ərazilərin işğalı ilə məhdudlaşmayıb, eyni zamanda siyasi hakimiyyətə, sosial kimliklərə, iqtisadi münasibətlərə və cəmiyyətdə ayrı-seçkilik mexanizmlərinə təsir edən institutlar formalaşdırıb. Bu strukturlar formal müstəmləkəçilik başa çatdıqdan onilliklər sonra belə bir sıra keçmiş müstəmləkələrdə öz təsirini saxlayır.
Bu fikirləri iqamətgahı Ankarada olmaqla Ruanda Respublikasının Türkiyə, Azərbaycan, Qazaxıstan və Livandakı səfiri Çarlz Kayonqa avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

Səfir bildirib ki, tarixi hadisələrin müasir siyasətə və gələcək fəaliyyət istiqamətlərinə təsiri nəzərə alınmalıdır.
“Düzəldici ədalət tarixi zərərin aradan qaldırılmasına, eyni zamanda, dövlətlər və cəmiyyətlər arasında daha güclü və həmrəy münasibətlərin formalaşdırılmasına xidmət edir”, – deyə Ç.Kayonqa qeyd edib.
O vurğulayıb ki, müstəmləkəçiliklə bağlı siyasi təcrübənin öyrənilməsi uzunmüddətli nəticələri anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır.
“Müstəmləkəçilik sadəcə əraziləri işğal etmədi. O, siyasi hakimiyyətin formalaşmasına, sosial kimliklərə, iqtisadi təşkilatlanmaya, eləcə də cəmiyyət daxilində kimlərin proseslərə cəlb edilməsi və kimlərin kənarda saxlanılmasına təsir edən institutlar yaratdı. İnstitusional strukturlar bir sıra keçmiş müstəmləkələrdə bu gün də müəyyən mənada davam edir və onların təsirlərinin aradan qaldırılması üçün tarixi proseslərə daha dərindən nəzər salmaq zəruridir”, - deyə səfir əlavə edib.
O qeyd edib ki, müstəmləkəçilik Ruandanın sonrakı siyasi inkişafını mexaniki şəkildə müəyyənləşdirməyib, lakin sonrakı siyasi aktorların fəaliyyət göstərdiyi institusional və sosial çərçivənin formalaşmasına təsir göstərib.
“Bu strukturların mahiyyətini və onların yaratdığı uzunmüddətli nəticələri aydın şəkildə ortaya qoymaq vacibdir. Yalnız bundan sonra tarixi məsuliyyət, ədalətin bərpası və reparasiya məsələləri ətrafında mənalı və əsaslandırılmış müzakirə aparmaq mümkündür”, – deyə Ç.Kayonqa bildirib.
***
11:10
Belçikanın Konqoda həyata keçirdiyi müstəmləkəçilik siyasəti ölkənin siyasi, iqtisadi və sosial həyatında dərin, uzunmüddətli və ağır fəsadlar buraxıb. Bu siyasətin doğurduğu istismar, sosial ayrı-seçkilik, mədəni irsin mənimsənilməsi və iqtisadi asılılıq kimi problemlərin mənfi təsirləri bu gün də hiss olunmaqdadır.
Bu fikirləri Konqo Demokratik Respublikasının UNESCO üzrə Milli Komissiyasında gənclər proqramı üzrə assistent Esther Kile Wa Ngoy avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

E.Kile Wa Ngoy bildirib ki, Belçikanın Afrikada, xüsusən də Konqoda yürütdüyü müstəmləkəçilik siyasəti ağır fəsadlara yol açıb: “Konqo Demokratik Respublikası amansız istismar və inkişafdan geriqalma ilə xarakterizə olunur. Bu vəziyyət ölkənin müstəqillik ərəfəsində idarəetmə və ordu sistemində dərin böhranların yaranmasına gətirib çıxarıb. Bu gün biz hələ də mədən ehtiyatlarının istismarı ilə bağlı ciddi problemlərlə üzləşirik. Bununla yanaşı, cəmiyyətin qütbləşməsi, irqi ayrı-seçkilik və köklənmiş stereotiplər də müstəmləkəçilik siyasətinin ağır irsinin tərkib hissəsidir”.
Konqo nümayəndəsi müstəmləkəçilik dövründə ölkənin və yerli xalqların mədəni-incəsənət irsinin mənimsənilməsi məsələsinə də diqqət çəkib. “Son illərdə həmin mədəni sərvətlərin geri qaytarılması, yəni restitusiya istiqamətində beynəlxalq səviyyədə müəyyən təşəbbüslər müşahidə olunur. 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, eləcə də azlıqların siyasi və iqtisadi hüquqlarına dair digər beynəlxalq sənədlər hər bir şəxsin fərdi, kollektiv və sosial hüquqlarının qorunması üçün mühüm hüquqi çərçivə yaradır. Bu kontekstdə beynəlxalq hüquq, ilk növbədə, hüquqların müdafiəsi və tarixi ədalətin bərpa olunması üçün əsas mexanizm rolunu oynayır”, – deyə o əlavə edib.
***
09:38
Avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans keçirilir.
Beynəlxalq konfransda Belçikanın keçmiş müstəmləkələri olan, eləcə də bu ölkələrdə neokolonial təsirlərin davam etdiyi Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi, həmçinin Mərakeş və Cənubi Afrika Respublikasından nümayəndələr iştirak edirlər.

Tədbirə, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri qatılıblar.
Konfransda iştirak edən rəsmi şəxslər arasında Konqo Demokratik Respublikasının ombudsmanı, Konqo Parlamentinin deputatları, Ruandanın Türkiyədəki səfiri və diplomatları yer alıb.
Beynəlxalq tədbirdə beynəlxalq hüquq, tarixi ədalətin bərpası və reparasiya məsələləri üzrə ekspertlər, tədqiqatçılar, hüquq müdafiəçiləri və digər mütəxəssislər də iştirak edirlər.
Konfrans çərçivəsində Belçika müstəmləkəçiliyinin tarixi, onun keçmiş müstəmləkələrdə yaratdığı siyasi, sosial və iqtisadi nəticələr, müstəmləkəçilik siyasətinin doğurduğu ədalətsizliklər, tarixi həqiqətlərin araşdırılması və zərərçəkmiş xalqların təzminat tələbləri ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Tədbirdə, həmçinin müstəmləkəçilik irsinin müasir dövrdəki təsirləri, neokolonializm, beynəlxalq hüquq çərçivəsində tarixi ədalətin təmin olunması və reparasiya mexanizmlərinin tətbiqi istiqamətində mümkün addımlar ətrafında fikir mübadiləsi aparılır.
14 dəqiqə