XƏBƏRLƏR / Hadisə

Bakıda mağazada partlayış olub, 3 yaralı var YENİLƏNİR

Hadisə Binə qəsəbəsində baş verib

Bakıda mağazada partlayış olub, 3 yaralı var YENİLƏNİR
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 11:20

    Bu gün səhər saat 07:00 radələrində Xəzər rayonu, Binə südçülük sovxozu, “OBA” marketdə yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

    TƏBİB-dən bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

    Qeyd olunub ki, təcili tibbi yardım briqadası üç qadını müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə edib: "Xəsarət alan şəxslərə əl və üz nahiyəsinin II-III dərəcəli yanıq diaqnozu təyin edilib. Onlara zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

    ***

    10:35

    Binədə "OBA" marketdə baş verən partlayışda xəsarət alanların sayı 3-ə çatıb.

    Bu barədə "OBA" məlumat yayıb.

    Bildirilib ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində "Oba" marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib: "Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır".

    Xəbərdə qeyd olunub ki,  "OBA" marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir:

    "Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq".

    ***

    09:23

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

    Bu barədə FHN-dən bildirilib.

    Qeyd edilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 360kv.m. olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən mağazada yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

    Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən ikinci mərtəbədə yerləşən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi sahəsi 180 kv.m. olan mağazanın yanar konstruksiyaları 130 kv.m. sahədə yanıb.

    Mağazanın qalan hissəsi və 2-ci mərtəbədə yerləşən mənzil yanğından mühafizə olunub, 2 nəfər xəsarət alıb.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

    ***

    09:06

    Bu gün səhər saat 06:45 radələrində “OBA” marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib.

    Bu barədə “OBA” məlumat yayıb.

    İlkin ehtimala görə, partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində “OBA”nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.

    Hazırda hadisənin təfərrüatları araşdırılır.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) faktı təsdiqləyiblər.