Payız-qış mövsümünə hazırlıq çərçivəsində podratçı şirkətin əməkdaşları 42 nömrəli tam orta məktəbin qazanxanasına ilkin baxış keçirərkən kiçik həcmli partlayış olub.
Bu barədə məktəbdən bildirilib.
Qeyd olunub ki, dərhal müvafiq dövlət qurumlarına məlumat verilib: "Aidiyyəti mütəxəssislər tərəfindən qazanxanaya baxış keçirilib, zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisənin səbəbləri müvafiq mütəxəssislər tərəfindən müəyyən ediləcək. Qazanxanaya ciddi ziyan dəyməyib, hazırda məktəbdə dərslər normal qaydada davam edir".
TƏBİB-dən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu ərazisindən çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi cinsli) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub.