XƏBƏRLƏR / İqtisadiyyat

Bakıda SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyası keçirilir

Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır

Bakıda SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyası keçirilir
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu gün SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələrinin Rəhbər Şurasının 18-ci sessiyası keçirilir.

    Sessiyada iştirakçı dövlətlərin ümumi problemlərinin həlli ilə bağlı yeni strategiyaların hazırlanması, o cümlədən Proqram çərçivəsində Etimad Fondunun yaradılması məsələsi müzakirə edilir.

    Sessiyada noyabrın 20-dən işinə başlayan İqtisadi Forumun nəticələri, Proqramın işləmə mexanizmini tənzimləyən sənədlərin müzakirəsi, o cümlədən digər sənədlər ətrafında fikir mübadiləsi aparılır.

    Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir.

    "SPECA ölkələri iqtisadi-ticarət əlaqələrini genişləndirmək məqsədilə nəqliyyat infrastrukturunu inkişaf etdirir. Bu baxımdan Orta Dəhlizin önəmi, Azərbaycanın dəhlizin səmərəliliyini və davamlılığını təmin edən katalizator kimi rolu dəyərləndirilib".

    Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov SPECA Rəhbər Şurasının 18-ci iclasında deyib.

    Nazir bildirib ki, SPECA ölkələrinin beynəlxalq səviyyədə əhəmiyyəti artır.

    “Bütün SPECA ölkələri çağırışlarla üzləşirlər. Onların açıq dənizə çıxışı yoxdur. Bu da nəqliyyat, logistika çağırışlarını yaradır. SPECA ölkələri ilə bizi tarixi, mədəni köklər bağlayır. Biz "yaşıl enerji" sahəsində əməkdaşlığı davam etdiririk. SPECA ölkələrinin ortaq dəyərləri, zəngin resursları, nəqliyyat, logistika və alternativ enerji potensialı qarşılıqlı faydalı iqtisadi-ticarət əməkdaşlığına münbit zəmin yaradır. Bu kontekstdə rəqəmsal iqtisadiyyatın inkişafı önəmlidir. Azərbaycanla SPECA ölkələri arasında investisiya əməkdaşlığı genişlənir, birgə investisiya fondları yaradılır. SPECA ölkələri Ələt Azad İqtisadi Zonasına maraq göstərirlər”, - deyə nazir vurğulayıb.