“Döyüşlərin nəticələri bizim üçün parlaqdır. Düşmənin məğlubiyyəti başa çatdı. Biz onlara şərtləri diktə etdik, onlar sorğu-sualsız imzalandı. Hər iki tərəfdən üç mindən çox adam öldürüldü. Müsəlman millətçi partiyalarının müqaviməti sayəsində Bakıda Sovet hakimiyyəti həmişə havada asılı qalmışdı… Əgər onlar Bakıda üstünlük əldə etsəydilər, şəhər Azərbaycanın paytaxtı elan ediləcək, bütün qeyri-müsəlman ünsürlər tərksilah edilərək qırılacaqdı".
Bu sətirləri Bakı Xalq Komisarları Şurasının başçısı Stepan Şaumyan 1928-ci ilin mart-aprel qırğınlarının nəticəsi olaraq yazmışdı.
Tarix belə yazıldı ki, 1917-ci ilin fəhlə və kəndlilərin Oktyabr inqilabı nəticəsində Rusiyada Çar İmperiyası dağıldı və başsız qalan Quberniyalarda da (vilayətlərdə-müəllif) hakimiyyət inqilabçı-bolşeviklərin əlinə keçdi. Bakı quberniyası da kənarda qalmadı. Belə ki, 1917-ci ilin Noyabrında burada “Bakı Fəhlə, Kəndli və Əsgər Deputatlarının Şurası” yaranır (Baksovet). Baksovet Quberniyaya daxil olan ərazilərə rəhbərlik edir və Şuranın başçısı erməni millətindən olan bolşevik Stepan Şaumyan seçilir. Ümumiyyətlə, sonralar 26 Bakı Komissarı adlanan bu hakimiyyətin əksər hissəsini 7 erməni, 7 rus, 7 yəhudi, 3 gürcü və cəmi 2 nəfər müsəlman - Məşədi Əzizbəyov və Mir-Həsən Vəzirov təşkil edirdi. Həmin zaman Baksovetin 6 minlik silahlı qüvvələri və əlavə olaraq 4 minlik “Daşnaksütyun” erməni milli hərbi birləşmələri var idi. Bu səbəbdən ordu hissələrinin əksəriyyətinin erməni milliyyətindən ibarət olması Bakıda erməni hakimiyyətinin qurulmasının təməlqoruyucu faktorlarından əsası idi.
Müsəlman əhalisinin maraqlarını o zaman Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etdiyi “Müsavat” partiyası təmsil edirdi, lakin onun nə ordusu, nə də Bakının hakimiyyət orqanlarında bir təmsilçisi var idi. Bu ərazilərdə müsəlmanları qoruya biləcək yalnız Qobu, Hökməli və digər kəndlərdə yerləşən, yalnız şəxsi odlu və ya soyuq silaha sahib olan və sayı min nəfər belə təşkil etməyən nizamsız qoçu dəstələri var idi. Quberniya ərazisində silahlı polis funksiyalarını Daxili İşlər Komissarı Prokofi Caparidzenin rəhbərliyi altında fəaliyyət göstərən daşnak və erməni könüllü dəstələri, habelə bolşeviklərin tərəfinə keçmiş əski rus ordusu hissələri həyata keçirirdi.
Artıq 1918-ci ilin əvvəllərində Bakıda hakimiyyətini gücləndirmiş erməni hakimiyyəti tam şəkildə ərazilərə nəzarət etmək üçün Bakı, Şamaxı və Quba şəhərlərində hələ də çoxluq təşkil edən müsəlman əhalisini ciddi şəkildə azaltmaq və onu dəstəkləyən “Müsavat” partiyası simasında siyasi müxalifəti ləğv etmək məqsədi ilə bir sıra təxribatlar həyata keçirir. Lakin qırğına 1918-ci ilin Martın sonu Bakı limanına, Zeynalabdin Tağıyevin faciəvi şəraitdə rəhmətə gedən oğlu Məmməd Tağıyevin torpağa tapşırılma mərasimində iştirak etməyə hazırlaşan və müsəlman zabit və əsgərlərdən ibarət olan silahlı dəstənin gəlməsi start verdi. General Talışınskinin rəhbərliyi altında təşrif buyuran “Vəhşi Diviziya”nın müsəlman peşəkar döyüşçülərinin sayı az olsa da, onlar Baksovet hakimiyyətinə problem yaratmağa qadir olduğunu anlayaraq Şaumyan hakimiyyəti onları tərkisilah etmək əmri verdi… və münaqişə başladı…
Həmin gün Baksovetin silahlı qüvvələri və onu dəstəkləyən Daşnaksütyun silahlı birləşmələri müsəlman məhəllələrinə qarşı hücuma keçdi. Bu məhəllələri bombalamaq üçün hətta aeroplan və Xəzər Donanmasının iki zirehli gəmisi tərəfindən onlara atəş yağdırılırdı. İşğal edilmiş müsəlman məhəllələrində qadın və uşaqlar da daxil olmaqla mülki insanlara qarşı soyğunçuluq və qətllər törədilirdi. Bunu əsasən Daşnaksütyun qüvvələri və ermənilərin könüllü silahlı dəstələri edirdi. Zəif silahlanmış və təşkilatlanmamış müsəlman qoçu dəstələri bolşeviklərin və daşnakların birləşmiş basqınlarına tab gətirə bilmidilər və elə döyüş meydanlarında Şəhid olaraq bacı-qardaşlarını cüzi sayda olsa da, xilas etməyə müvəffəq olurdular.
Alman tarixçisi Yorq Baberovski qeyd edir ki, 1918-ci ilin aprel ayının əvvələrində daşnak zabiti Stepan Lalayevin erməni dəstəsi Baksovetin rəsmi göstərişini yerinə yetirərək Şamaxı rayonuna daxil olur və şəhərin 30 minə yaxın sakini vəhşicəsinə öldürülür və ya qovulur. Lalayevin əsgərləri uşaqları və qocaları öldürüb, qadınları zorlayıb eyvandan atıırdılar. Hücumçulardan gizlənmək məqsədi ilə müsəlman qoca, qadın və uşaqlar məscidlərə sığınırdılar. Lakin bunu görən daşnak silahlı qüvvələri həmin məscidləri insanlar qarışıq yandırırdılar.
Oxşar hadisələr 1918-ci ilin aprel ayında Quba qəzasında da baş vermişdi. Belə ki, Baksovetin rəhbəri Stepan Şaumyanın birbaşa tapşırığı əsasında Qubaya Amazasp Srvantsyanın komandanlığı altında yollanan daşnak dəstəsi, Yorq Baberovskinin dediyinə görə, şəhərin sakinlərinə qarşı vəhşicəsinə qətliam törədib. Həmçinin Quba rayonunun 122 kəndini yandırıb. Amazaspın əsgərləri Qubada təkcə bir gündə 2000 şəhər sakinini öldürüb və onun mərkəzində 150 evi talan edərək yandırmışdılar.
Bu qeyri-bərabər döyüşləri görən Müsavat partiyasının rəhbərliyi müsəlmanları tam soyqırımdan xilas etmək məqsədi ilə təcili surətdə Baksovetdən danışıqlar rica edir və o zaman Bakı İnqilabi Müdafiə Komitəsinin üzvü olan Nəriman Nərimanovun dəstəyi və vasitəçiliyi ilə görüşə müvəffəq olur. Şəhərlərdə qırğınlar davam edən zaman Müsavat partiyasının rəhbəri Məhəmməd Əmin Rəsulzadə Baksovet başçısı Stepan Şaumyanla Nərimanovun evində görüşə nail olur və görüş zamanı Bakı Soveti deputatlarının soyqırımın qarşısı alınması müqabilində bütün şərtlərinə razı olduqlarını bəyan edir. Şərtlər bunlar idi:
1. Baksovetin yeganə hakimiyyət orqanı kimi açıq və qeyd-şərtsiz tanınması və onun bütün əmrlərinə mütləq tabe olması;
2. Müsəlman “Vəhşi Diviziya”sının hərbçilərinin Bakıdan çıxarılması;
3. Bakı-Tiflis və Bakı-Petrovsk dəmir yollarında rabitənin açılması.
Martın 31-i Müsavat rəhbərliyinə təqdim olunan ultimatumun bütün şərtlərinin qəbul edilməsinə baxmayaraq, aprelin 1-də müsəlman könüllülər və qoçu dəstələrinin ağ bayraqlar qaldırmasına baxmayaraq erməni daşnak silahlı qüvvələri şəhərin müsəlman məhəllələrində talan, yanğın və qətlləri daha da şiddətlə həyata keçirməyə başladılar. İngilis tədqiqatçısı Piter Hopkirk bu barədə belə yazrdı:
“Qədim düşmənlərinin qaçdığını görən ermənilər indi qisas almağa susamışdılar. Buna görə də, demək olar ki, bütün müsəlman əhalisi şəhərdən qovulana və ya öldürülənə qədər döyüşlər davam etdi. Beşinci gün şəhərin çox hissəsi hələ də alov içində olsa da, müqavimət dayanmışdı və küçələr ölü və yaralılarla dolu idi və demək olar ki, hamısı müsəlman idi".
1918-ci il aprelin 2-də səhər saat 11-də Baksovetin rəhbərliyi azərbaycanlılarla barışığa rəsmən razılaşsa da, azərbaycanlı məhəllələrdə qətllər və quldurluqlar 1918-ci il aprelin 5-nə qədər davam etdi. Müsəlman əhalisinin şəhərdən kütləvi köçü başladı. Böyük Britaniyanın Bakıdakı vitse-konsulu mayor Makdonnelin sözlərinə görə, “şəhərdə heç bir əhəmiyyət kəsb edən bir nəfər də olsun müsəlman qalmadı”.
Lakin daşnak və erməni hərbi hissələri qırğınları öz istəkləri ilə dayandırmadı. Burada müsəlmanların ciddi müqavimətindən əlavə bolşeviklərin və Baksovetin daxilində olan qarşıdurma da böyük rol oynadı. Belə ki, Nəriman Nərimanovun Rusiyaya ünvanlandırdığı teleqramları, Baksovet üzvü Məşədi Əzizbəyov tərəfindən “xilasetmə komitələri”nin yaradılması və onların sayəsində minlərlə müsəlmanların xilas edilməsi, Daxili İşlər Komisarı Prokofi Caparidzenin “müsəlmanlar yaşayan ərazilərin bombalanması dayanmasa, mən ermənilər yaşayan kvartalları bombalamağa başlayacağam…”, Müsavat partiyasının, az da olsa, silahlı qüvvələrinin Daşnaksütyun partiyasının vacib obyektlərinə ciddi ziyan vurması və digər əks-cərəyan erməni hakimiyyətini geri çəkilməyə məcbur etdi.
Hadisələrdən sonra Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Mart hadisələrində Müsavatı günahlandırdılar (bolşeviklər və Baksovet nəzərdə tutulur – müəllif), bu, tamamilə əsassız idi, çünki müharibə elan etmək üçün heç olmasa, Müsavatın ordusu olmalı idi. Bəziləri isə Müsavatı Azərbaycanda muxtariyyət ideyasını müdafiə edərək mart hadisələrinə səbəb olmaqda ittiham edir. Bu isə qismən olsa da, doğru ola bilər. Biz azadlığımızın düşmənləri qarşısında təvazökarlıqla baş əysəydik, bəlkə də bu hadisələr baş verməzdi. Amma biz bunu etmirdik. O zaman biz açıq şəkildə Azərbaycana muxtariyyət tələb edirdik. Bunu etməklə düşmənlərimizin sayını artırdıq".
Bu həmişə belə olub, olur və olacaq! Yeni bir ideyanın doğulması və boya-çatması üçün mütləq şəkildə Allahın ciddi imtahnından keçmək gərəkdir. Azərbaycan bu ağır imtahandan keçdi, və sonra bir daha keçdi, və sonra bir daha… lakin öz müqəddaratını, istiqlal və müstəqilliyini itirmədi və bu yalnız Allahın bizi bir millət olaraq seçməsi və qoruması nəticəsində, xalqımızın mərd və əyilməz, azadlığı öz həyatı kimi sevməsinə görədir!
Allah rəhmət eləsin bütün Azərbaycan Şəhidləri və Qurbanlarına!