XƏBƏRLƏR / Qayıdış

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xocalıda

YENİLƏNİR

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xocalıda
  • Oxuma müddəti:

    7 dəqiqə

  • 18:15

    “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndi şəhərindən sonra Xocalıya gəliblər.

    Qonaqlar ermənilərin burada törətdikləri vəhşiliklər, şəhərin 30 ildən artıq müddətdə işğal altında qalması, 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıblar.

    Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədib. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil. Otuz iki ildir xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.

    Bu gün Xocalı şəhəri yenidən bərpa edilir. Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalıda da böyük bərpa-quruculuq işləri həyata keçirilir. Artıq bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinləri doğma şəhərlərinə qayıdıblar.

    Səfər zamanı nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, Milli Məclisə Xankəndi şəhərindən seçilmiş deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

    ***

    18:00

    “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Qarabağa səfər çərçivəsində Xankəndi şəhəri ilə tanış olublar.

    Nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin Zəfər meydanına gəlib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib.

    Qonaqlar sonra Qarabağ Universitetinə gəliblər.

    Universitetin rektoru Şahin Bayramov onlara təhsil ocağı barədə məlumat verib. Bildirilib ki, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılıb. Bütün tədris binalarında əsaslı təmir işləri həyata keçirilib, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunub.

    Qonaqlar universitetin auditoriyaları, laboratoriya və kitabxanasını gəzib, yaradılan şəraitlə tanış olub, tələbələrlə söhbət edib, sonra Xocalıya yola düşüblər.

    ***

    16:40

    Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər.

    Nümayəndə heyətinin Azərbaycan mədəniyyətinin paytaxtı ilə tanışlığı ölkəmizin tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi Şuşa şəhər mərkəzi meydanından başlayıb.

    Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov onlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə məlumat verib.

    Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib.

    İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. 32 il köçkünlük həyatı yaşayan Şuşa sakinlərinin də doğma yurdlarına qayıdışı reallaşıb.

    Qonaqlara Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri barədə də məlumat verilib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra heykəllər əvvəlki yerlərinə qaytarılıb.

    Daha sonra Xurşidbanu Natəvanın evi və Xan qızı bulağının yerləşdiyi ərazi, qala divarları və Bülbülün ev muzeyi ilə tanışlıq olub.

    Nümayəndə heyətini Milli Məclisin vitse-spikeri Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, Milli Məclisə Xankəndi şəhərindən seçilmiş deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

    Nümayəndə heyəti sonra Xankəndi şəhərinə yola düşüb.

    ***

    12:45

    Dekabrın 7-də Milli Məclisdə keçirilmiş “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində bu gün ilk olaraq Füzuli rayonunda olublar.

    Nümayəndə heyətini Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

    Qonaqlar əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub, sonra Füzuli şəhərinə gəliblər. Onlara 30 illik işğal zamanı Ermənistan tərəfindən Füzuli rayonunda törədilən dağıntılar, vandalizm aktları, işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi və görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi Füzuli şəhərini də talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Vətən müharibəsində qazanılan Qələbədən sonra işğaldan azad ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri başlanılıb. Artıq keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı reallaşıb. Onlar Füzuli şəhərində inşa olunan yaşayış məhəlləsində məskunlaşırlar.

    Nümayəndə heyəti sonra Şuşaya yola düşüb. Onları Milli Məclis sədrinin müavini Rafael Hüseynov, komitə sədrləri Əhliman Əmiraslanov, Səməd Seyidov, Polad Bülbüloğlu, deputat Tural Gəncəliyev və digər rəsmi şəxslər müşayiət edirlər.