Xatırlayıram, hələ 1995-ci ildə, Heydər Əliyevin sağlığında, Azərbaycanın ciddi bir dövlət kimi inşası dövründə komandamız Fransa ilə futbol qarşılaşmasında 0:10 nəticəsi ilə məğlub olmuşdu. Oyundan sonra təri süzülərək Bakıya qayıdan komandanı Prezident Heydər Əliyev iqamətgahında qəbul etdi və onlara yalnız bir sual verdi: “Anlamadım, siz məgər ora qapıçısız getmişdiniz?”.
Dünən eşidəndə ki, Azərbaycanın Londondakı Səfirliyinə basqın edilib və hələ bu az imiş kimi, bizim Bayrağı da cırıb eyvandan aşağı atıblar – qeyri-ixtiyari olaraq, rəhmətlik Heydər Əliyevin 1990-cı illərdə həmin sözləri yadıma düşdü… Məgər bizim Səfirliyimizin “qapıçısı” yoxdur ki, yoldan ötən hər adam ora keçə bilsin?..
Londonun "Metro" internet dərgisinin verdiyi məlumata görə, Britaniyanın dini “Mehdi xidmətçiləri" birliyinin səkkiz nəfərdən ibarət hücum dəstəsi saat 16:30-da Azərbaycanda hökumət tərəfindən "bəzi şiə müsəlmanların “təqibinə” etiraz olaraq" və Prezident İlham Əliyevin bununla bağlı “təcili tədbir görməsi” tələbi ilə Azərbaycan Səfirliyinin binasını zəbt edib! Günün-günortaçağı, dünyanın ən təhlükəsiz mərkəzlərindən biri olan Londonda – inanılmaz bir hadisə… Təşkilatın lideri Yaser Əl-Həbib mübahisəli bir din xadimidir, doğma Küveytində hakimiyyətlə münaqişəyə girdikdən sonra, Böyük Britaniyada sığınacaq alan əl-Həbib Bukingemşirdə məscid işlədir. Birlik hələ 2018-ci ildə oxşar hadisəni İranın Londondakı Səfirliyinin əmlakına zərər gətirməklə tanınmışdı.
Bununla bağlı şəxsən məndə bir sıra suallar yaranır. Bu adamlar Azərbaycan Səfirliyinə manesiz necə daxil olublar? Azərbaycan Bayrağını cırıb yerə atmaqla nəyi sübut etmək istəyiblər? “Mehdi xidmətçiləri" birliyi məgər bilmir ki, Azərbaycan Bayrağı əksər vətəndaşları şiə olan bir dövlətin bayrağıdır?!
Azərbaycanın və bütün Qafqazın Şeyxi cənab Allahşükür Paşazadə şiəməzhəbli dini xadimidir və belə olduğu halda, ölkədə şiə müsəlmanların təqibi haqqında mülahizələr qeyri-ciddi sayılır. Azərbaycan dini yox, sivil ölkədir və burada vəhabi, sünni və ya şiə məscidləri bağlanırsa və ya adları çəkilən məzhəblərin nümayəndələri həbs edilirsə, buna əsas səbəb dini məsələlər deyil, fərqli amillərdir.
İnanmıram ki, Azərbaycandakı dini tolerantlıq dünyada fəaliyyətdə olan xüsusi xidmətlər üçün sirrdir. Bu o deməkdir ki, Azərbaycan Səfirliyinə, Azərbaycana olan bu basqının heç bir dini əsası yoxdur.
“Mehdi xidmətçiləri" birliyinin səkkiz hücumçusu, sadəcə olaraq, peşəkarcasına planlaşdırılmış bir təxribatın iştirakçılarıdır, onların hərəkətləri Azərbaycan və regionumuzda baş verən hadisələrdə maraqlı ölkələrə mesaj verməkdən başqa heç nə deyildir. Bəs bu nə mesajdır belə ki, onu Azərbaycan ərazisi və suverenliyinə təcavüzlə, onu zəbt etməklə nümayiş etmək lazımdır?! Razılaşın ki, bu, son həddir və bunu edərkən bu səkkiz adam bellərinə kəfən sarıyaraq hücuma atılıblar?" Yoxsa bilirdilər ki, onlara qarşı orada heç bir müqavimət olmayacaq?! Onlar, yəqin, bunu da bilirdilər ki, Azərbaycanın Böyük Britaniyadaki səfiri Elin Süleymanov yerində yoxdur və hazırda Bakıdadır. Haradan idi onlarda bu məlumatlar?! İçəridən, yoxsa Britaniyanın Xarici İşlər Nazirliyi və ya xüsusi xidmətlərdə çalışan məmurlarından? Bu, artıq Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin ev tapşırığıdır və ölkəmizin nüfuzu onun həllindən və cinayətkarların cəzalandırılmasından asılıdır desəm, yanılmaram. Uğrunda yüzminlərlə igidimizin Şəhid olduğu Azərbaycan Bayrağını heç kim cırıb yerə ata bilməz və bunu edən də cəzasız qala bilməz! Bu, bizim sanballı Millət və Dövlət olmağımızın ciddi göstəricisidir!
Sirr deyil ki, bu hadisə Azərbaycan Ordusunun Qarabağda apardığı əməliyyatdan dərhal sonra baş verdi. Azərbaycanın Laçın şəhəri və Zəngəzur dəhlizinin imzalanmış üçtərəfli müqaviləyə əsasən təhvil verilməsinin tələbi hansı qüvvələri narahat edir?
Bir jurnalist kimi dəqiq bilirəm ki, hadisə baş verən kimi maraqlı KİV-lərin münasibətini araşdırmaq kifayətdir. Bu hadisə ilə əlaqədar mən dünya mətbuatında soyuq bir mülayimlik müşahidə edirəm.
Bəs həm BMT, həm də digər dövlətlərin hakimiyyət orqanları diplomatik missiyalara hücum cəhdlərinə həmişə son dərəcə sərt və kəskin reaksiya verdiyi halda, bu mülayimlik haradan qaynaqlanır? Axı niyə vaxtı ikən ABŞ-ın və ya Səudiyyə Ərəbistanının İrandakı Səfirliyinə hücum zamanı, ABŞ və Böyük Britaniyanın Suriya və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə hücumlar zamanı dünyada baş verən qalmaqal indi baş vermədi? Niyə bu dəfə dünya, demək olar ki, susdu?!
Britaniya mediası Azərbaycan Səfirliyi ilə bağlı insidentə açıq şəkildə məhəl qoymadı və sözsüz, bu səbəbdən, məlumat ciddi hesab olunmadığından, dünya media kapitanlarına sızmadı. Məlumat yalnız yerli Azərbaycan media kapitanlarına sızdı, sonuncunun isə ANS bağlandıqdan sonra dünya mediası ilə heç bir əlaqəsi yoxdur – daxili hamam, daxili tas.
Sonda məni daha bir məlumat sarsıtdı. Azərbaycan mediasının verdiyi vacib məlumatlardan biri də o idi ki, səfirliyin əməkdaşları heç bir xəsarət almayıblar… Mən bunu anlamadım – necə ola bilər ki, Azərbaycanın nümunəvi vətəndaşları, Xalqımızı və Dövlətimizi dünyanın siyasi və iqtisadi mərkəzi olan Londonda təmsil edən milli diplomatlarımızın iş yerində olan zaman bir sıra düşmənniyyətli insanlar bizim ərazimizə daxil olur, yoluna çıxanı dağıdır, vandallıq edir, Bayrağımızı cırıb yerə atır və heç kimin burnu belə qanamır? Bu suala şəxsən mənim cavabım yoxdur! Niyə əsrlərlə ciddi düşmənləri olan bir Dövlətin səfirliyini əlisilahlı igidlərimiz qorumur? Yəqin ki, bu sual, artıq digər nazirliyin ev tapşırığıdır. Məncə, bizim hamımız üçün bu hadisə böyük bir dərs olmalıdır!