XƏBƏRLƏR / Hadisə

Biləsuvarda toy karvanı qəzaya uğradı, 5 nəfər ölüb FOTO

Hadisə Çaylı kəndi ərazisində baş verib YENİLƏNİB

Biləsuvarda toy karvanı qəzaya uğradı, 5 nəfər ölüb FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 20:31

    Biləsuvar rayonundaKI dəhşətli yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

    Hadisə bu gün saat 14:30 radələrində Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhərinə Ağcəbədi rayonundan gəlin gətirən toy karvanında iştirak edən "VAZ 21124" markalı minik avtomobili dönmə əməliyyatında sürətini azalda bilməyərək Salyan rayon sakini, Bayram Mehtiyevin idarə etdiyi ağırtonnajlı "MAN" markalı yük avtomobilinə çırpılıb.

    Minik avtomobilinin sürücüsü 1994-cü il təvəllüdlü Hüseynov Pərviz Allahşükür oğlu və üç sərnişin - 1990-cı il təvəllüdlü Hüseynova Aidə Yasər qızı, 1958-ci il təvəllüdlü Hüseynova Mehriban Hüseyn qızı və 1995-ci il təvəllüdlü İsayev Vasif Əkbər oğlu hadisə yerində ölüb. Onların meyiti FHN-nin müvafiq qüvvələri tərəfindən avtomobildən çıxarılıb. Avtomobildə olan daha bir şəxs isə, 1991-ci il təvəllüdlü Hüseynova Xoşbəxt Akif qızı ağır vəziyyətdə Biləsuvar Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

    Məlumata görə, həyatını itirən şəxslər yaxın qohumdurlar və Cəlilabad rayonunun Göytəpə şəhər sakinləridir. Dünyasını dəyişən X. Hüseynova bu gün toyu planlaşdırılan bəyin bacısıdır.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    ***

    17:29

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan  bildirilib ki, sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunda Pərviz Hüseynovun idarə etdiyi "VAZ 21010" markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi MAN markalı yük avtomobili toqquşub.

    Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev ölüb.

    Faktla bağlı araşdırma aparılır.

    ***

    15:59

    Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol qəzası baş verib.

    Hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.

    Faktla bağlı araşdırma aparılır.