Birlikdə və ya tək adamın nakam ümidləri (VİDEO)
Ölkə kinoteatrlarında "Birlikdə" filmi uğurla nümayiş etdirilir
2023-cü ildə artıq üçüncü film işlədiyim montajçı dostum Elşad Rəhimov və səs koordinatorları Samir Ağayev və Murtuza Nəcəfli ilə Ramiz Fətəliyevin "Möcüzələr baş vermir" əsəri əsasında çəkilmiş "BİRLİKDƏ" bədii filmini sona çatdırdım. Filmin ssenarisi üzərində Ramiz Fətəliyev, Fəxrəddin Manafov və bəndəniz bir il çalışdı və BİRLİKDƏ Azərbaycan kinematoqrafına yeni bir əsər gətirdik. Asan deyil idi. Axı film hamımızın əzizi, tanınmış jurnalist, uzun müddət mənimlə ANS Televiziyasında publisistik verilişlərin redaktoru kimi əməkdaşlıq edən, Ramiz Fətəliyevin ailəsinin dostu və Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadiqova-Manafovaya ithaf olunurdu. Desəm ki, dostum, bəstəkarım Səttar bəylə filmin müsiqisinə görə və ya operatorum Bayram Fəzli ilə son kadra qədər çalışmışıq, elə bil ki, heç nə deməmişəm. Amma son nəticədə yeni bir film yarandı - "BİRLİKDƏ"!
Məndən tez-tez soruşurlar ki, 2008-də “Seçilən”, 2009-da “Bulağıstan”, 2010-da “Yaddaş”, 2012-də “Xoca”, 2015-də “Qanlı Yanvar” və 2023-də “Birlikdə” filmlərini ərsəyə gətirməklə film istehsalı arasında olan məsafəni niyə getdikcə uzadırsan? Soruşdular ki, bu nə ilə bağlıdır – maraqlı mövzu, vaxt, yoxsa maliyyə qıtlığı ilə?
İlk növbədə bu məsafələr mənim cənab Fibonaççinin rəqəmlərinin rekkurent düsturuna olan hörmətimdən irəli qəlir. Digər tərəfdən, rejissor kimi mən Allahın yaratdığı “Qızıl nisbət”ə tabe olmalıyam… Sonda maraqlı mövzu, vaxt və maliyyə məsələləri də hər bir yaradıcılıq emalatxanasının qarşısında düzülən növbənin səbrli iştirakçıları kimi yer almaqdadır. Eyni zamanda, mən hesab etmirəm ki, hər hansısa filmi onu yaradanın adına bağlayıb həyat boyu eskort etmək düzgün məsələdir. Film və onun yaradıcısına yalnız filmin istehsalı zamanı "nikah" oxunur və "kəbin kəsilir". Film ekranlara çıxandan sonra film ilə yaradıcısı "boşanır" və hər biri öz həyatına davam edir. Yalnız zəif, bacarıqsız və istedadsız adamlar filmə qəmiş olaraq onun titrlər adlanan quyruğundan qopmayaraq, ömür boyu arxası ilə sürünərək nəsə qazanmaq istəyirlər. Mənim filmlərim bu gün məndən icazəsiz başqa kişilərin evlərinə gedir, gecələr onların asudə vaxtlarını maraqlı edir, özbaşına xarici ölkələri gəzirlər və s…
“BİRLİKDƏ” - filmin adının bir çox mənası var. Mənalardan biri – filmin ərsəyə gəlmək üçün böyük bir kollektivin birlikdə səhnəyə gələrək yeni əsəri yaratmaq əzmidir. Bu səhnə elə bir yerdir ki, mən orada ümumi bir ideya və ya ssenarini canlandırmaq üçün çəkiliş qrupunu toplayıram, onların iş rejimini formalaşdırır, məhz bu filmi canlandırmaq üçün avadanlıq alıram, mezanları cızıram və onları cansız qaranlıq kadrlardan işığa çıxarıb canlandırıram. Bu səhnədə peşəkar aktyorlar vasitəsi ilə personajlar nağılı hərəkətə gətirir, qəhrəmanlar yaranır, hadisə canlanır və tamaşaçıya hekayəni nəql edir... Bu asan iş deyil.
Mən fürsətdən istifadə edərək “BİRLİKDƏ” filminin bütün yaradıcı kollektivinə dərin minnətdarlığımı bildirirəm. Sağ olun! Bunun da təbii ki, bir qiyməti var. Filmin maliyyə qaynaqları olan Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, Azərbaycanda ilk Dəqiq Mexanizmlər İstehsal edən VMF Saat Fabriki və Fəxrəddin Manafov adına Studiyaya da dərin təşəkkürümü bildirirəm! Lakin ödənilənin yalnız maddi deyil, eyni zamanda mənəvi qiyməti də var. Film yaranmağa başlayanda və bütün çəkiliş davam edən vaxt bir insan kimi sən tamamilə itirsən, gördüyün işdən kənarda mövcud deyilsən. Qızdırma 39, dərin və quru bronxial öskürəklər, yuxusuzluq, filmindən və personajlarından başqa heç nə düşünə bilmirsən. Varını, yoxunu, canını, malını qoyursan film xətrinə, ideya xətrinə və BİRLİKDƏ onu ərsəyə gətirirsən, lakin çəkilişlər bitəndə TƏK qalırsan.
Nə haqqındadır bu film? Spoylerlərdən qaçmaq naminə tamaşaçılara qısaca məlumat verim:
Xalid Əliyarov - tanınmış və yaşlı, birinci dərəcəli prokuror təqaüdə çıxmazdan əvvəl həyat yoldaşını itirir. Yarını itirmiş 65 yaşlı kişi üçün bu hadisə ciddi həyat böhranına çevrilir. Lakin prokurorluğun rəhbəri, vaxtı ilə Əliyarovun tələbəsi onu bu böhrandan çıxarmaq üçün təqaüdə göndərməkdən vaz keçir və müəlliminin ağır mənəvi və psixoloji durumunu dəyişmək üçün ona növbəti kriminal hadisənin açılmasında əməkdaşı Gövhər xanıma dəstək olmasını xahiş edir.
Əliyarovun razılıq verməsinə baxmayaraq, onun psixoloji durumu ağır olaraq qalır. Xanımının itkisi köhnə kişilərdən olan Əliyarova həyatın reallıqları ilə barışmağa imkan vermir. Amma işlə əlaqədar prokurorluq tərəfindən ona verilən avtomobildə quraşdırılmış suni intellektə sahib olan Virtual Həmsöhbətlə (Vihəmlə) ünsiyyət quran və müasir texnoloğiyalardan anlayışı olmayan Əliyarov tənhalıqda tək olmadığını başa düşür. Öz növbəsində Vihəm böyük, müasir, texnoloji virtual aləmin nümayəndəsi olmasına baxmayaraq, o da tənhadır. Lakin bu iki nəslin arasında ciddi uçurum var. Keçmiş və indiki nəsil arasındakı bu fərq keçmişin dogma insanlığı və gələcəyin praqmatik robotları arasındakı taleyüklü kolliziyaları nümayiş etdirir. Bu iki fərqli nəsil ümumi dil tapa biləcəkmi, virtual maşınlar insan olacaq yoxsa köhnə kişilər dönüb praqmatik robotlara çevriləcək?
Yüksək səviyyəli səs və video effektlərlə zəngin, mistik dram janrında, Azərbaycanda ilk dəfə Suni İntellekt iştirakı ilə çəkilən filmə gəlin BİRLİKDƏ ölkənin bütün kinoteatrlarında baxaq!