XƏBƏRLƏR / TRIPP

Biz TRIPP layihəsinin praktik mərhələsinə qədəm qoyuruq

Bunu parlamentdəki çıxışında Ermənistanın Baş naziri Paşinyan bəyan edib YENİLƏNİB

Biz TRIPP layihəsinin praktik mərhələsinə qədəm qoyuruq
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 17:39

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun TRIPP layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam.

    Ermənistan mediası xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bildirib.

    Onun sözlərinə görə, Ermənistan ərazisində inşa edilən dəmir yolu Azərbaycan dəmir yolu ilə birləşməlidir, bu baxımdan texniki parametrlər də razılaşdırılmalıdır.

    "Hesab edirik ki, bizim dəmir yolumuz Azərbaycan dəmir yolu ilə birləşdirilməlidir və bu məsələlər, texniki parametrlər fəal şəkildə razılaşdırılmalıdır. Məhz buna görə üçtərəfli işçi qrupu yaradılıb", - baş nazir qeyd edib.

    Bundan başqa, o vurğulayıb ki, TRIPP layihəsinin icrasının praktiki fazasının mühüm mərhələlərindən biri cənub sərhədində kommunikasiyaların tikintisi üçün zəruri olan sərhəd hissələrinin demarkasiyası olacaq.

    Xatırladaq ki, bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Almaniya XİN başçısı Yohan Vadefulla birgə brifinqdə Ermənistan ərazisində 42 kilometrlik nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutan "Tramp Marşrutu" (TRIPP) layihəsinin texniki parametrlərinin mütləq şəkildə Azərbaycanla razılaşdırılmalı olduğunu bildirib.

    ***

    16:58

    Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə "Hökumət saatı"nda çıxış edərək TRİPP layıhəsinin icrasından danışıb:

    "Biz TRIPP layihəsinin həyata keçirilməsinin praktik mərhələsinə qədəm qoyuruq və bu praktik mərhələnin vacib mərhələlərindən biri, xüsusən də, sərhədin cənub hissəsinin kommunikasiyaların - nəqliyyat kommunikasiyalarının, boru kəmərlərinin, dəmir yollarının və yolların tikintisi üçün zəruri olan uzunluq boyunca delimitasiyası və demarkasiyası olacaq.

    Qalan hissəyə gəldikdə isə, əvvəllər deyilənlərə əsasən, düşünürəm ki, əsas məqam Dublində keçirilən görüş zamanı biz sadəcə olaraq əvvəlcədən razılaşdırılmışları təsdiqlədik və indi deyə bilərəm ki, bu razılaşmalar təsdiqlənib. İndi əlavə işlər (delimitasiya - ANS Press) komissiyalarının səlahiyyətindədir. Onlar ən yüksək siyasi səviyyədə əldə edilən razılaşmaları işləyəcək və həyata keçirəcəklər".