BMT Təhlükəsizlik Şurasına sədrlik Albaniyaya keçib
Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka TŞ-nin gündəliyini müəyyən edəcək
Albaniya sentyabrın 1-dən 30-dək Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına (BMT TŞ) sədrlik edəcək.
Albaniyanın Avropa və xarici işlər naziri Olta Xaçka ölkəsinin müttəfiqləri və tərəfdaşları ilə sıx məsləhətləşmələr əsasında TŞ-nin sentyabr gündəliyini müəyyən edəcəyini bildirib. O.Xaçka Albaniyanın BMT TŞ-yə sədrliyi dövrünün bütün dünyada humanitar yardımların paylanması üzrə əməkdaşlıq platformasının yaradılması və Rusiya-Ukrayna müharibəsi kimi mühüm məsələni əhatə etdiyini vurğulayıb. Qeyd edib ki, Albaniyanın TŞ-yə sədrliyi, həmçinin Ukraynadakı müharibə fonunda baş verən ərzaq böhranından tutmuş Rusiyanın yürütdüyü siyasət, Yəməndə, Sudanda və ümumən Yaxın Şərqdə hökm sürən ərzaq təhlükəsizliyi kimi ciddi böhranlar və münaqişələr dövrünə təsadüf edir.
Sentyabrda bir çox müzakirələrin və mühüm tədbirlərin keçiriləcəyini deyən nazir BMT Təhlükəsizlik Şurasının gündəminin kifayət qədər gərgin olduğunu vurğulayıb.
Qeyd edək ki, Albaniya ikinci dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək. 2022-2023-cü illərdə TŞ-nin qeyri-daimi üzvü kimi fəaliyyət göstərən Albaniya 2022-ci il iyunun 1-dən 30-dək şuraya sədrlik edib.