Bu gün Ermənistanda siyasi qüvvələrin toqquşması ola bilər
Katalikos II Qareginin istefasını tələb edənlər və tərəfdaşlar xalqı Eçmiədzində toplaşmağa çağırıblar
Erməni Kilsəsinin yepiskopları bəyanat yayaraq xalqı saat 17:00-da Eçmiədzində toplaşaraq katolikos Qareginin istefasını tələb etməyə çağırıblar.

II Qareginin tərəfdarları da birgə dua məqsədi ilə saat 17:00-da Eçmiədzin Ana Taxtında keçiriləcək və eyni zamanda 10 üsyançı yepiskop katolikosa qarşı mitinq keçirmək niyyətindədir.
Araqatsotn Yeparxiyası bütün dindarları həbs olunmuş erməni ruhaniləri və digər vicdan məhbusları, eləcə də Erməni Kilsəsinin birliyi və sarsılmazlığı üçün dua etməyə dəvət edir.

Eyni zamanda rusiyapərəst qgüvvələr, o cümlədən hərbi cani Robert Köcəryanın və erməni mənşəli rusiyalı oliqarx Samvel Karapetyanın tərəfdarları da eyni məkana 2 saat öncə toplaşmağa çağırıblar.

Vəziyyətlə bağlı Ermənistan Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edib:
"17 dekabrda Ermənistan Apostol Kilsəsinin on yepiskopu xalqa müraciət edərək, 18 dekabr saat 17:00-da Müqəddəs Eçmiədzin Ana Taxtında toplantı çağırışı etdi.
Bu açıqlamadan sonra Ermənistan Apostol Kilsəsinin Araqatsotn Yeparxiyası ayrıca bir bəyanat yayaraq, 18 dekabr saat 19:00-da Araqatsotn Yeparxiyasının Byurakan şəhərindəki Müqəddəs Ovannes Kilsəsində keçirilməsi planlaşdırılan birgə ibadətin təxirə salınacağını və həmin gün saat 17:00-da Müqəddəs Eçmiədzin Ana Taxtında keçiriləcəyini bildirdi.
Araqatsotn Yeparxiyasının açıqlamasından sonra bəzi vətəndaşlar və sosial media istifadəçiləri vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribatçı mesajlar paylaşmağa başladılar.
Hər kəsi qanunsuz və təxribatçı hərəkətlərdən çəkinməyə, başqalarının hüquqlarına hörmət etməyə, təxribata müqavimət göstərməyə və ictimai asayişi qoruyan polis əməkdaşlarının qanuni əmrlərinə tabe olmağa çağırırıq.
Daxili İşlər Nazirliyinin polisi ictimai asayişi qorumaq və bütün vətəndaşların təhlükəsizliyini təmin etmək kimi qanuni vəzifələrini yerinə yetirəcək. Hər hansı qanunsuz hərəkətə qarşı cinayət qanunvericiliyi çərçivəsində müvafiq tədbirlər görüləcək."

Xülasə, bu gün saat 17:00-da Eçmiədzində maraqlı olacaq.
2 dəqiqə