XƏBƏRLƏR / Hökumət

Nazirlər Kabinetinin xüsusi iclası keçirilir

İclas Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunacaq

Nazirlər Kabinetinin xüsusi iclası keçirilir
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır.

    Bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bildirib.

    Baş nazir deyib ki, bu, təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də regionun qlobal iqtisadi və nəqliyyat xəritəsində Azərbaycanın rolunun daha da artması deməkdir:

    “Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli sammit bunun bariz təzahürüdür. Bu görüşün yekununda imzalanmış üçtərəfli Birgə Bəyannamə Azərbaycanın irəli sürdüyü və uzun illər ərzində təşviq etdiyi sülhün beynəlxalq səviyyədə geniş dəstək qazandığını və rəsmən qəbul olunduğunu nümayiş etdirir. Regionda sülhün bərqərar olması üçün vacib siyasi çərçivə formalaşdıran bu sənəd, eyni zamanda gələcək qarşılıqlı anlaşmanın əsasını təşkil edir. Birgə Bəyannamə çox əhatəli bir sənəd olmaqla təkcə iki ölkənin uzun illər davam edən silahlı qarşıdurmasına son qoyan sənəd deyil, həm də Azərbaycan xalqının tarixi ədalət uğrunda mübarizəsinin nəticəsi, dövlətimizin siyasi-diplomatik gücünün və beynəlxalq nüfuzunun ifadəsidir. İllərdən bəri kağız üzərində qalmış BMT qətnamələrini özü həyata keçirmiş, haqq-ədaləti hərb yolu ilə, şəhidlərinin qanı hesabına bərpa etmiş Azərbaycan Ermənistanla sülh müqaviləsinin müəllifi kimi çıxış edərək, münaqişənin siyasi müstəvidə də nöqtəsini qoydu”.

    Əli Əsədov qeyd edib ki, Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə qətiyyətlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir: “Bütün çətinliklərə, fikir ayrılıqlarına və müxtəlif mövqelərə baxmayaraq Azərbaycan Prezidentinin bu tələbi də Ermənistan tərəfindən qəbul edildi. Vaşinqtonda imzalanmış sənəd açıq şəkildə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunmasının vacibliyini vurğulayır. Bu məqsəd üçün ABŞ tərəfindən dəstəklənən xüsusi infrastruktur təşəbbüsü – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRİPP) nəzərdə tutulur. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun iqtisadi və geosiyasi xəritəsində əhəmiyyətli dəyişiklik yaradacaq. Öz adımdan və hökumət adından Vaşinqton zəfəri münasibətilə Azərbaycan Prezidentini və xalqını ürəkdən təbrik edirəm”.

    ***

    Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sülhün əsasını qoyur, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir.

    Bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasında bildirib.

    Baş nazir qeyd edib ki, Vaşinqton səfəri Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə əlamətdar oldu:

    “Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Anlaşma Memorandumunun imzalanması Azərbaycan-Amerika dövlətlərarası münasibətlərinin inkişafında yeni bir əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açır. Ağ evdə keçirilən görüş zamanı 1992-ci ildə Konqres tərəfindən ölkəmizə qarşı qəbul edilmiş “Azadlığa dəstək aktı”na ədalətsiz 907-ci düzəlişin 33 ildən sonra məhz Azərbaycan dövlət başçısının iştirakı ilə ləğvi Prezident İlham Əliyevin dünya miqyasında son dərəcə yüksək nüfuzunun bariz təsdiqidir.

    Prezident İlham Əliyevin sözləri ilə desək “Bu gün Azərbaycanın xarici yardıma ehtiyacı yoxdur, ölkəmiz xarici yardımdan asılı deyil. İqtisadiyyatımız sabitdir, xarici borcumuz ÜDM-in yeddi faizindən də azdır. Özümüz donor ölkəyə çevrilmişik”. Ona görə də Prezident Trampın bu düzəlişi ləğv etməsi rəmzi məna daşıyır və bu jest Azərbaycana qarşı tarixi ədalətsizliyi aradan qaldırmaqla Amerikanın dövlət başçısının Prezident İlham Əliyevə xüsusi münasibətini əks etdirir.

    Bununla yanaşı, səfər çərçivəsində SOCAR və “ExxonMobil” arasında əməkdaşlığa dair memorandumun imzalanması “Əsrin müqaviləsi” ilə əsası qoyulan milli neft strategiyası çərçivəsində başlanmış tərəfdaşlığın yeni mərhələdə davamıdır”.

    ***

    15:30

    Nazirlər Kabinetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclas başlayıb.

    İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.

    ***

    12:52

    Nazirlər Kabinetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclas keçiriləcək.

    İclas bu gün keçiriləcək.