Cəbrayılda DSX xidməti yaşayış binalarını istifadəyə verdi
Bu barədə DSX-dan bildirilib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir. Bu barədə DSX-dan bildirilib. Fevral ayının 15-də Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin hərbi hissəsində zabit-gizirlər üçün yaşayış binaları xidməti istifadəyə verilmişdir.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərimizdə hərbi qulluqçular və onların ailə üzvləri üçün nəzərdə tutulmuş növbəti yaşayış binalarının təntənəli açılışı münasibətilə şəxsi heyəti təbrik etmişdir.
Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunmuş, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilmişdir.
Vətən Müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən işğalından azad olunmuş müqəddəs sərhədlərimizin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkəmizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanmışdır.
Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olunmuş və xidməti mənzillərə baxış keçirilmişdir. Tədbirin sonunda xatirə fotoşəkilləri çəkilmişdir.