BLOQ

Cənnətdəki adam

Milli Qəhrəman, telereportyor Çingiz Mustafayev barədə yazıram

Cənnətdəki adam
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Türkiyə, Antalya. Saat 21.48. 10-15 dəqiqə bundan əvvəl Milli Qəhrəman Çingiz Mustafayevin narıncı-sarılı, irili-xırdalı güllərə qərq olmuş üzünü gördüm. Telefonun ekranını yaxınlaşdırıb baxdım. Baxdıqca da baxdım.

    Hələ də baxıram.

    Gözlərinin içinə, bəbəklərinə baxıram.

    Ərinmədim, "Google"a girib Çingizin qarşıma çıxan bütün şəkillərini yaxınlaşdırıb incələdim. Bu baxış o baxışdan deyil. Gözlərinin içində məmnuniyyət var elə bil. Elə bil yox, elə o cürdür. Elə bil özü öz şəklini cənnətdən çəkib göndərib. Yadınıza salın, bundan əvvəlki bütün görüntülərində çiynində kamera, əlində mikrofon, yorğun-arğın, günlərlə yuxusuz səngərlərdə, Ağdərə-Əsgəran yolunda, Laçında, Qarabağda, müharibənin getdiyi hər yerdə, gah əsgərlərlə, gah yollarda, Xocalıda hönkürməsi…

    İndi gülümsəyir. Üzündə gözündə güllər açıb. Ruhu şaddır!

    44 günlük müharibədə bircə nəfər də olsun fərari olmadı; bizimkilər Şuşanı əlbəyaxa döyüşdə geri alıb təzədən özümüzə qaytardılar. Hamısı ona əyandı...

    Gedək bir az keçmişə. Çingizin bütün reportajları, müsahibələri dəqiq vaxtı qeydə alması ilə başlayırdı. “Minsk vaxtıyla saat beşə on dəqiqə qalıb... Alma-Ata vaxtı ilə saat 15... Ayın 16-sı, Laçın şəhəri. Saat 1”... Bu üslub yalnız onda var idi. Özü də bilmədən tarix yazırdı. Özü də bilmədən tələsirdi. Fiziki dünyadakı o qısa ömrü ilə hələ nə qədər tarix yazmalıydı. Axırda da tarixə möhürünü vurdu. Bircə dənə kamerası ilə. Nə İnternet, nə Youtube, nə də mobil telefon var. İl 1992. Bircə dənə kamerası var və o illər üçün elə indinin özündə belə qıt olan yüksək müharibə reportyoru standartları. Bir yandan ağlayır, o biri yandan tarix üçün sübut çəkir: “ üzünü qaldır, üzünü. Apar”.. Xocalıda erməninin öldürdüyü sivilləri, yollarda, meşələrdə qaxaca dönmüş uşaq meyidlərini bir azdan bütün dünya görəcəkdi. Çəkdiyi görüntüləri o dövrün köhnə, vaxt aparan texniki imkanları ilə bir bir kasetlərə köçürüb dünya mediasına özü şəxsən göndərirdi. Operativ, isti isti..

    Çingiz olmasaydı, 1992-ci ilin soyuq fevral gecəsi Xocalı adlanan balaca bir kənddə törədilən böyük bir cinayətin izi itib batacaqdı.

    Çingiz olmasaydı, Birinci Qarabağ müharibəsinin qaynar nöqtələrindən, Milli Məclisdən, həm daxildən həm xaricdən, ölkənin idarəçilərindən, hakimiyyətdən, müxalifətdən, əsgərindən, uşağından, böyüyündən, kəndlərdən, şəhər mərkəzlərindən, hər yerdən və hamıdan necə xəbər tutacaqdıq.. Adam rəsmən hər yerdə idi. O, bunu necə bacarırdı?

    Cəmi 32 il ömür yaşayasan və bütün ilklərə də imzanı sən atasan..

    Seçilmişlərin yolu, tərzi, vaxtı və naxışı başqa olur...

    Şəhər uşağı stereotipini tək başına dəyiş... Hərbi məktəbdə oxu, sonra həkimliyi də oxuyub bitir, həkim işlə, 27 yaşında baş həkim ol. Hər il bir səviyyədən daha yüksək səviyyəyə qalx. Mahnı bəstələ. Şəhərdəki ilk diskotekanı sən aç. Ana dilində ilk repi də sən yaz. İnşaat Mühəndisləri İnstitutunda ilk kabel televiziyasının açılmasında açar şəxslərdən ol, elə ordaca ilk kompüter kurslarının təşkilində həlledici rol oyna.

    İl 1987. Bir il sonra Milli Azadliq hərəkatına qoşul. İki il sonra 1990-cı ilin 19-20 yanvar gecəsində Bakıda qətlə yetirilmiş, yaralanmış vətəndaşları baş həkimi olduğun şöbənin adamları ilə o soyuq Bakı günlərində küçələrdən topla, tibbi yardım göstər.

    Azad müxbir tərzini də sən yarat. Sovet adamlarının alışmadığı, cins gödəkçədə, heç kimdə olmayan xarizmanla studiyada, bütün klişelerdən uzaq, efirə təzə nəfəs gətir. Hər kəslə öz dilində danış: ana dilində də, rus dilində də.

    ...Çingiz Mustafayev, sən heç vaxt unudulmayacaqsan!

    Cənnətdə... güllər içində...