XƏBƏRLƏR / Diplomatiya

Ceyhun Bayramov Alison Hukeri qəbul edib

XİN xəbər verir

Ceyhun Bayramov Alison Hukeri qəbul edib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukeri qəbul edib.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

    Avqustun 8-də tarixi Vaşinqton görüşü zamanı əldə edilmiş razılıqlar məmnunluqla xatırlanaraq, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin vacibliyi qeyd olunub.

    Regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin genişləndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" üzrə işlərin sürətləndirilməsində maraqlı olduğumuz diqqətə çatdırılıb.

    Qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupunun fəaliyyət istiqamətləri nəzərdən keçirilib, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsinin vacibliyi diqqətə çatdırılıb.

    Cənubi Qafqaz regionunda sülh və sabitlik gündəliyi, ikitərəfli və çoxtərəfli platformalar çərçivəsində qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə olunub.

    Nazir Ceyhun Bayramov qarşı tərəfə normallaşma prosesi çərçivəsində atılan addımlar, post-münaqişə dövründə bərpa-quruculuq işləri barədə məlumat verib.

    Görüşdə, həmçinin Yaxın Şərqdə vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.