Ceyhun Bayramov AŞPA-nın MK-nin həmməruzəçiləri ilə görüşüb
Yan Lidel-Qreynger və Liz Kristofersen Azərbaycanda səfərdədilər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristoferseni qəbul edib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan və AŞPA əməkdaşlıq gündəliyində duran məsələlər, gələcək perspektivlər, o cümlədən regionda mövcud cari vəziyyət və AŞPA Parlament Assambleyasının Azərbaycan-Ermənistan arasında normallaşma prosesinə mümkün töhfələri ətrafında müzakirə aparılıb.
Bayramov bölgədə sülh və sabitliyin təmini istiqamətində, o cümlədən sülh müqaviləsinin imzalanması, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycan tərəfindən atılan mühüm addımlardan bəhs edib.
Həmməruzəçilər səfər çərçivəsində Ağdam rayonuna səfər etdiklərini və Azərbaycan tərəfindən aparılan genişmiqyasılı yenidənqurma işləri ilə yaxından tanış olduqlarını bildiriblər.
Görüşdə həmçinin beynəlxalq və regional məsələlər üzrə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.