Ceyhun Bayramov Maka Boçorişvili ilə görüşüb YENİLƏNİB/FOTO
Azərbaycan XİN rəhbəri gürcüstanlı həmkarını binanın girişində qarşılayıb
17:15
“Sevindirici hal ondan ibarətdir ki, ölkələrimizin iştirakı ilə bölgədə qlobal miqyaslı layihələr həyata keçirilir”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu layihələrin daha geniş coğrafiyanın enerji xəritəsinin dəyişməsində rolu olub və olacaq: “Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizini xüsusi olaraq qeyd etməliyik. Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırılıb. Bu, nəinki iki ölkə arasında olan ticarət dövriyyəsinin artırılması, eyni zamanda, onun rəqabət qabiliyyətinin artırılması üçün önəmli layihədir. Bu layihələr tarixidir və uzun illər ərzində icra olunur. Həm ölkələrimizə, həm də daha geniş coğrafiyaya fayda verir”.
***
17:00
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili arasında geniş tərkibdə görüş keçirilib.
Bu barədə Azərbaycan XİN-in “X” sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar istiqamətləri, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi aparılıb.
Ceyhun Bayramov həmkarını münaqişədən sonra regional yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davamlı sülh prosesinə qarşı mövcud problemlər barədə məlumatlandırıb.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə təkbətək görüşü başlayıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilini qarşılayıb.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında məlumat paylaşılıb.