Vaşinqtonda Bayramov-Blinken-Mirzoyan görüşü keçib
NATO-nun 75 illiyinə həsr olunmuş Sammit çərçivəsində keçirilən görüş barədə XİN-in mətbuat məlumatı
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibinin təşəbbüsü və iştirakı ilə Vaşinqtonda keçirilən görüşünə dair mətbuat məlumatı
10 iyul 2024-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib.
Tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.
Hər iki tərəf görüşə ev sahibliyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli görüşdə bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar, o cümlədən dayanıqlı, layiqli və hər iki ölkə, region və ABŞ-la əlaqələr üçün böyük imkanlar yaradan sülh danışıqları istiqamətində vacib işlər görüblər.
“ABŞ Avropa İttifaqı və digər həmkarları ilə birlikdə bu prosesə dəstək verib. Bugünkü görüş əldə olunmuş irəliləyişləri nəzərdən keçirmək üçün bir fürsətdir. Bütün təmaslar, o cümlədən son həftələrdə aparılan müzakirələrə əsasən düşünürəm ki, tərəflər ABŞ-ın da güclü şəkildə dəstəklədiyi sülh razılaşmasını əldə etməyə yaxındır. Bu gün ABŞ-ın razılaşmanın əldə olunması üçün nələr edə biləcəyini müzakirə etmək üçün bir aradayıq”, - deyə A.Blinken qeyd edib.