Çin Fransadakı həmvətənlərinə xəbərdarlıq edib
Fransanın müxtəlif şəhərlərində zorakılıq və iğtişaşlar ilə əlaqədar Çin səfirliyi həmvətənlərinə ehtiyatlı olmağı, hadisələr baş verən ərazilərə getməməyi tövsiyə edib
Çinin Parisdəki səfirliyi Fransanın müxtəlif şəhərlərində davam edən iğtişaşlarla əlaqədar vətəndaşlarına xəbərdarlıq edib.
Fransanın müxtəlif şəhərlərində zorakılıq və iğtişaşlar ilə əlaqədar Çin səfirliyi həmvətənlərinə ehtiyatlı olmağı, hadisələr baş verən ərazilərə getməməyi tövsiyə edib.
Çinin Parisdəki səfirliyi və Fransanın müxtəlif şəhərlərindəki baş konsulluqları həmvətənlərinə ictimai təhlükəsizlik vəziyyətinə diqqət yetirməyi, fərdi mühafizəni və əmlaklarının təhlükəsizliyini təmin etmək üçün tədbirli olmağı məsləhət görüb.
Xatırladaq ki, iyunun 27-də Əlcəzair əsilli 17 yaşlı gəncin Nanter şəhərində polis tərəfindən qətlə yetirilməsindən sonra başlayan etiraz aksiyaları zorakılıq və iğtişaşlara çevrilib. İğtişaşlar zamanı dövlət idarələri, banklar, polis komissarlıqları dağıdılıb və ya yandırılıb, ictimai nəqliyyata və avtomobillərə od vurulub, bir çox mağazalar talan edilib. Bordoda iğtişaşçılar ovçuluq mağazasından silah və patronlar ələ keçiriblər. Medianın məlumatına görə, etirazçılar 1350 avtomobil və 234 binanı yandırıb.
Hakimiyyət ölkədəki iğtişaşlarla mübarizə üçün 40 min polis və jandarm qüvvələri səfərbər edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, dünən gecə baş verən qarşıdurmalar zamanı 249 polis əməkdaşı və jandarm yaralanıb, xeyli sayda saxlanılan var.
Nanter prokurorluğunun məlumatına görə, ötən çərşənbə axşamı yeniyetməni güllələyən 38 yaşlı polis əməkdaşı istintaq təcridxanasına salınıb. O, qəsdən adam öldürməkdə şübhəli bilinərək dindirilib.