XƏBƏRLƏR / İdman

Zelim Kotsoyev Olimpiya çempionu oldu YENİLƏNİR

Azərbaycan Olimpiadanın medal sıralamasında 15-ci yerə yüksəlib

Zelim Kotsoyev Olimpiya çempionu oldu YENİLƏNİR
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 22:00

    Avqustun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olmuş azərbaycanlı cüdoçu Zelim Kotsoyevə zəng ediblər.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Prezident İlham Əliyev və birinci xanım Olimpiadanın qızıl medalını qazanması münasibətilə Zelim Kotsoyevi təbrik edib, ona gələcəkdə də yeni uğurlar arzulayıblar. Dövlətimizin başçısı Azərbaycan idmançılarının Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk dəfə iki Olimpiya qızıl medalını qazandıqlarını qeyd edərək bu münasibətlə təbriklərini eyni zamanda komandanın məşqçilərinə və Cüdo Federasiyasının rəhbərliyinə çatdırıb.

    Telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığını bildirən Zelim Kotsoyev öz qələbəsi ilə Azərbaycan Bayrağını ucaltmaqdan və Himnimizi səsləndirməkdən fəxr hissi keçirdiyini deyib. O, yeni qələbələr qazanmaq üçün bundan sonra da bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.

    ***

    20:00

    Final görüşündə qalib gələn cüdoçu (100 kq) Zelim Kotsoyev Olimpiya çempionu olub.

    100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.

    Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.

    Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.

    ***

    14:40

    Zelim Kotsoyev (100 kq) Olimpiya turnirinin yarımfinalına yüksəldi!

    1/4 finalda 25 yaşlı azərbaycanlı cüdoçu israilli Peter Palçiki vaza-ari xalı ilə məğlub edib.

    Zelimin yarımfinaldakı rəqibi 2022-ci ilin dünya çempionu və hazırkı Asiya çempionu özbəkistanlı Müzəfərrbek Turoboyev olacaq.

    Yarış Bakı vaxtı ilə saat 18:00-da davam edəcək.

    ***

    13:19

    Paris-2024 Olimpiya Oyunlarında cüdo üzrə növbəti təmsilçimiz tatami üzərinə çıxıb.

    Dünya çempionu, 100 kq çəki dərəcəsində dünya reytinqinin lideri Zelim Kostoyev 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.

    Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.