Sumo döyüşçüsü Akebono Taro vəfat edib
O, Yaponiyada ən yüksək rütbəyə layiq görülmüş ilk əcnəbi olub
Peşəkar sumoçu Akebono Taro (əsl adı Çad Rouen) vəfat edib. O, Yaponiyada ən yüksək rütbəyə - yokozuna dərəcəsinə layiq görülmüş ilk əcnəbi idi. Bu barədə “Nikkan Sports” məlumat yayıb.
Akebono Taronun ölümün səbəbi ürək çatışmazlığı olub. Son illərdə Akebono müxtəlif xəstəliklərdən əziyyət çəkirdi və müntəzəm müalicə alırdı.
Akebono Taro 1969-cu ildə Havayda dünyaya gəlib. O, 1992-ci ildə Yaponiya İmperator Kuboku uğrunda sumo turnirinin qalibi olub və bir ildən sonra yokozuna rütbəsinə layiq görülüb. Akebononun boyu 204 santimetr, maksimal döyüş çəkisi 230 kiloqram idi. 1996-cı ildə Yaponiya vətəndaşlığını qəbul etmişdi.
Peşəkar sumoçu 11 turnirdə qalib gəlib. 1998-ci ildə Naqanoda keçirilmiş Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edib. O, diz oynaqlarının tez-tez zədələnməsi səbəbindən 2001-ci ildə idman karyerasını yekunlaşdırıb.