"Dahilərin divanı": Səməd Vurğun
"Ayrılarmı könül candan?" deyən şairimiz barədə bu veriliş 2008-ci ildə ANS TV-də çəkilib yayımlanıb
Səməd Vurğun — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə "Stalin" mükafatı laureatı (1941, 1942) və 2 dəfə "Lenin" ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir.
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailəsindən anadan olmuşdur. Şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün özünə "Vurğun" təxəllüsünü götürür. Digər bir versiyaya görə isə sevdiyi qıza ünvanladığı şeirləri "Vurğun" təxəllüsü ilə imzalamış və beləcə də davam etmiş, tanınmışdır.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – "Vaqif"i yazır.
1937–1938-ci illərin qanlı repressiyaları Səməd Vurğundan yan keçməmişdi.
Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən "Bakının dastanı" poemasını yazmışdı.1943-cü ildə "Ananın öyüdü" şeiri dünya ədəbiyyatında ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbçilər arasında yayılmışdır.
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir. Xəstəliyi getdikcə şiddətlənir. 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. O, Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilir.