"Dahilərin divanı": Əliağa Şıxlinski
Artilleriya generalı barədə bu veriliş 2008-ci ildə ANS TV-də çəkilib yayımlanıb
Əli Ağa Şıxlinski
Əliağa Şıxlinski 1865-ci il martın 3-də indiki Aşağı Salahlı kəndində ağalıq nəslində anadan olub. O, 1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyasının birinci sinfinə daxil olmuş, oranı-artıq kadet korpusuna çevrilmiş gimnaziyanı 1883-cü ildə birinci şagird kimi bitirmişdi.
Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı.
Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Əliağa Şıxlinskiyə "Artilleriyanın Allahı" ləqəbini veriblər. 1926-cı ildə Əliağa Şıxlinski "Rusca-Türkcə qısa hərbi lüğəti"ni Bakıda üç əlifbada rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilmişdir. Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olmuşdur.
1904-cü il d’ Rus-yapon müharibəsində Şıxlinski Port-Artur müdafiəsinin qəhrəmanı kimi məşhurlaşdı. Bu döyüşdə göstərdiyi qəhrəmanlığa görə müxtəlif orden və meallarla təltif olunur.
1906-cı ildə Əliağa Şıxlinski gözlə görünməyən hədəfi nişan alan "Şıxlinski üçbucağı" hərbi-elmi nəzəriyyəsini kəşf etdi.1908-ci ildə Şıxlinskiyə əla xidmətlərinə görə polkovnik rütbəsi verilirdi. O, on illik xidməti borcunu üç ildə yerinə yetirmişdi. 1913-cü ilin yayında general Joffre fransız ordusunun on yeddi nəfərlik zabit heyəti ilə Rusiyaya gəlir. Qısalüləli topdan örtülü atəş üsulu ilə tanışlığı Əliağa Şıxlinskiyə həvalə olunur. Bir il sonra Rusiyaya gələn Fransa prezidenti Raymon Puankare heyətinə göstərdikləri hörmət müqabilində generallara məxsus cəmi iki fəxri "Fəxri Legion ordeni" mükafatı gətirir. Onun biri süvari generalı Bezorazova, ikincisi ilə Əliağa Şıxlinskiyə təqdim olunur.
1917-ci ilin noyabrın 15-də Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmışdır. Bununla da o, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun təməl daşını qoymuşdur.
1918-ci ilin oktyabrında general Əliağa Şıxlinski Gəncədə yeni yaratdığı Milli Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdir:
"Azərbaycanlılar birdəfəlik bilməlidirlər ki, doğma ordu əsla tənbəlxana deyil və onun mövcudluğu hər hansı bir azərbaycanlının maddi rifahını daha da yaxşılaşdırmaq üçün yaranmayıb. Ordu xalqın istinadgahıdır - bura xalqın ləyaqətli oğulları gəlməlidir."
Əliağa Şıxlinski 1943-cü il avqustun 18-də indiki Musa Nağıyev adına xəstəxanada kardiosklerozdan vəfat edib.