"Dahilərin divanı": Qasım bəy Zakir
Qarabağda məşhur olan Cavanşirlər nəslindən olan şairin həyatı çox faciəli olub
Qasım bəy Zakir — Azərbaycanlı şair.
Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olmuşdur. O Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars dillərini öyrənmişdir.
Şairin yeniyetməliyi və gəncliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövrünə təsadüf edir.
Zakir Çar ordusunun Qafqaz müsəlman könüllü atlı dəstəsinə qoşulmuş, 1806–1813, 1826–1828-ci illərin Rusiya-İran müharibələrində iştirak etmişdir. Döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir.
Müharibələrdən sonra Qasım bəy Zakir 30-cu illərin sonlarında tamam təsərrüfatçılıqla məşğul olmağa başlayır. Yay aylarını Şuşada, qalan fəsillərini isə Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirirdi.
Zakir müasirləri arasında da dərin hörmət və böyük nüfuz qazanmışdır. Azərbaycanın Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qutqaşılı, Baba bəy Şakir, Xurşidbanu Natəvan kimi tanınmış ziyalıları, habelə gürcü knyazı İliko Orbeliani, Bakı general-qubernatoru Mixail Kolyubakin onun məktublaşdığı, məşhur şəxsiyyətlər idi. Lakin Zakirin satirik tənqidinə hədəf olmuş Şuşa qazisi Mirzə Əbülqasim, yerli çar hakimi Konstantin Tarxan-Mouravov onun qəddar düşmənləri idilər. Bu adamlar şairi dövlət yanında etibardan salıb tutdurmaq üçün müəyyən bəhanə axtarırdılar. Nəhayət belə bir bəhanə tapıldı: Zakiri hökumətdən qaçaq düşmüş qardaşı oğlu Behbud bəy Cavanşiri evində saxladığına görə günahlandıraraq təqib etməyə başladı. 1849-cu ilin oktyabr ayında o, böyük bir atlı-yaraqlı dəstə ilə Zakirin yaşadığı Xındırıstan kəndinə hücum etdi. Həmin gün Behbud bəy, Zakir, ailə üzvləri və yaxın qohumları ilə birlikdə həbs edib Şuşa həbsxanasına gətirdilər. Behbud bəy həbsxanada güllələnir.
Həbsxanada olarkən şair bir neçə dəfə yuxarı hökumət dairələrinə məktubla qanunsuz tutulduğunu yazıb bildirsə də onun şikayətlərinə ədalətli cavab verilmədi. Şair bir ilə qədər Şuşa həbsxanasında qaldıqdan sonra mühakimə olunmadan Bakıya sürgün edildi. Ailəsi isə Şuşada qaldı. Bakıya gəldikdən sonra Zakir dövlət idarələrində çalışan dostlarına məktub yazıb qanunsuz həbs edildiyini bildirdi. O zaman Tiflisdə Canişinlik idarəsində işləyən Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşınlı, Bakı qubernatoru Mixail Kolyubakin, Gürcü knyazı İliko Orbeliani səyi nəticəsində sürgündən azad olunaraq, Şuşaya qayıtdı. Lakin ömrünün axırınadək polis nəzarəti altında yaşadı. Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurdu. Rus çarizmi ona pensiya kəsdi amma maaş Şuşaya çatanda artıq gec idi. Qasım bəy 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir.
Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir.
Zakirin yaradıcılığında onun mənzum hekayə və təmsilləri də mühüm yer tutur.
Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş "Əsərləri"ndə: "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında" ("İlan, Dəvə, Tısbağa"), "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında" ("Tısbağa, Qarğa, Kəsəyən, Ahu") adları ilə altı təmsili çap olunmuşdur.
Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə etmişdir.