Danışdığı sözlərin arxasında dura bilməyənlərə!
Onlar təkcə özlərinə yox, ən çox cəmiyyətə zərbə vururlar
Danışdığı sözlərin arxasında dayana bilməyən siyasətçilər təkcə özlərinə yox, ən çox cəmiyyətə, ümumi ictimai-siyasi proseslərə zərbə vururlar.
Qızışırlar, 5-10 min baxışa, 100-150 "layk"a arxayın olub və ya kiməsə güvənib ağızlarına gələni danışırlar, hökumət də tutub basır içəri, havasını alıb buraxır.
Siyasət ən birinci öz gücünü görmək, nəyə qadir olduğunu bilməkdir. Vallah, cəmiyyət olaraq elə adamları tanımadan, bilmədən qəhrəmanlaşdırmışıq ki, yüz faiz tanıyanlar kənardan bizə baxıb gülüblər. Nə bilim, bəlkə də, hökumət özü deyir ki, bir az qızış, ağzına gələni danış, tutub səni "sındırım", camaat da pərt olsun, sonra ortaya çıxan heç bir adama inanmasınlar. Əgər belə bir şey yoxdursa, danışmaq, bir az daha bərk danışmaq, susmaq üçün heç bir yerdən sifariş almırsansa, səmimisənsə, ictimai nüfuz qazanıb, sonra onu alver predmetinə çevirmək məqsədin yoxdursa, niyə belə axmaqlıq eləyirsən? Gir bir otağa, qapını da bağla, özünə 30 sutka həbs cəzası ver, evdə arvada da de ki, gündə üç dəfə pəncərədən mənim yeməyimi ver, qapını arxadan bağla. Gör bir ay həbsxanada qala bilirsən? Özünü yoxla da. Qaynını çağır, de, səni təpiyin altına salıb döysün, əllərini məngənənin arasına qoysun, gör dözə bilirsən? Özün intim videolarını çək, apar ver tanımadığın bir adama, gör gecə rahat yata bilirsən? Zəif yerlərin haqqında düşün, gör səni hardan vura bilərlər. Gör dözə bilərsən, gör hansı iradənin sahibisən?
Özünü yoxla da, gör kimsən də, gör mübarizə apara bilərsənmi? Bundan sonra prosesə gir.
Ölkəni, xalqını, səni idarə edən hökuməti tanımırsansa, onda ortalıqda nə gəzirsən, get özünə bir iş tap da. Özün cəhənnəm, 5-10 adamı özünə inandırıb insanları niyə məyus edirsən?