Dörd tələbəmiz hələ də tapılmayıb
Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib
Malatyada təhsil alan dörd tələbəmiz dağılmış binanın altında qalıb. Bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.
"Onların axtarışı davam etdirilir. Təəssüf ki, tələbələrlə bağlı hələlik məlumat yoxdur. Bundan başqa, xəstəxanalarla da əlaqə saxlayırıq, onların arasında azərbaycanlı yoxdur", - deyə səfir vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Malatya şəhərində baş vermiş zəlzələ nəticəsində 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalıb. Onlar Malatyada yerləşən İnönü Universitetinin tələbələridir.
Ötən gün sosial şəbəkələrdə tələbələrin xilas edilməsi barədə məlumat yayılsa da, XİN informasiyanı təsdiqləməyib. Hazırda onların axtarışının davam etdirildiyi bildirilib.
Qeyd edək ki, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı 27 minə yaxındır. Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tələbələrin bölgələr üzrə statistikasını açıqlayıb:
“Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbakırda 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Antepdə 85, Adanada 169, Kirisdə 2, Malatyada 129 azərbaycanlı tələbə təhsil alır. Onların hamısı ilə bir-bir əlaqə saxlanılmasa da, hər bölgədə 10-15 tələbə ilə əlaqə yaradılıb və qruplar qurulub”.