Dünya ABŞ-ın İran nüvə obyektlərinə zərbəsini necə qarşıladı
Vaşinqtonun hərəkətlərinə Azərbaycan Xarici Işlər Nazirliyi də reaksiya verib

"Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik.
Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq".
Fransa və Britaniya ABŞ-ın Yaxın Şərqdə gərginliyi artıran bir gecədə İranın nüvə obyektlərinə endirdiyi zərbələrdə iştirak etmədiklərini bildiriblər.
Böyük Britaniyanın sənaye naziri Reynolds bildirib ki, London zərbələr barədə əvvəlcədən məlumatlandırılıb, lakin iştirak etmək üçün heç bir sorğu və ya Hind okeanındakı Dieqo Qarsiyada ABŞ-Böyük Britaniya müştərək aviabazasından istifadə icazəsi almayıb.
Fransanın xarici işlər naziri Barrot deyib ki, Parisin hücumlarda və ya onların planlaşdırılmasında heç bir rolu yoxdur. O, hər iki tərəfi təmkinli olmağa çağıraraq, prioritetin Fransa vətəndaşlarının təhlükəsizliyinin və regiondakı maraqların olduğunu vurğulayıb. Fransa da İrandakı nüvə silahlarına qarşı qəti mövqeyini bir daha bəyan edib və problemin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NSYM) çərçivəsində diplomatik kanallar vasitəsilə həllinə çağırıb.
Rusiya və Türkiyə ABŞ-ın İranın nüvə obyektlərinə zərbə endirməsinə reaksiya verib
Rusiya bu hərəkətləri kəskin şəkildə pisləyib və onları “beynəlxalq hüququn pozulması, regional və qlobal təhlükəsizliyə təhdid” adlandırıb. Xarici İşlər Nazirliyi vəziyyətin obyektiv qiymətləndirilməsinin vacibliyini vurğulayıb və “təcavüz”ə son qoymağa və münaqişənin diplomatik kanallara qayıtmasına çağırıb.
Türkiyə da öz növbəsində ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri ilə bağlı "dərin narahatlığını" ifadə edərək bildirib ki, hücum Yaxın Şərqdə münaqişənin qlobal miqyasda genişlənməsi riskini "maksimumlaşdırıb". Türkiyə Xarici İşlər Nazirliyi bütün tərəfləri zərbələri dərhal dayandırmağa və danışıqlara qayıtmağa çağıraraq, nüvə probleminin yeganə həll yolunun diplomatiya olduğunu vurğulayıb.
ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələr endirdikdən sonra bir sıra ərəb ölkələri Vaşinqtonun hərəkətlərini tənqid edib və münaqişənin mümkün gərginləşməsindən narahat olduqlarını bildiriblər.
Əvvəllər ABŞ-İran nüvə danışıqlarında vasitəçi kimi çıxış edən Oman, "ABŞ-ın birbaşa hava hücumları" nəticəsində yaranan gərginliyi "dərin narahatlıq, qınamaq və rədd etdiyini" ifadə edib.
Səudiyyə Ərəbistanı Vaşinqtonla yaxın təhlükəsizlik əlaqələrinə baxmayaraq, “İranın suverenliyinin pozulmasını” pisləyib və təmkinli olmağın vacibliyini vurğulayıb. Ər-Riyad beynəlxalq ictimaiyyəti “siyasi həllə nail olmaq üçün bu son dərəcə həssas şəraitdə səylərini ikiqat artırmağa” çağırıb.
Qətər Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, hazırkı "təhlükəli gərginlik həm regional, həm də beynəlxalq miqyasda fəlakətli nəticələrə gətirib çıxaracaq". Doha "bütün tərəflərin müdriklik və təmkin nümayiş etdirəcəyinə" ümid etdiyini bildirib.
Misir, öz növbəsində, "regionun xaosa və gərginliyə daha da qərq olması təhlükəsi" barədə xəbərdarlıq edərək, "böhrandan yeganə çıxış yolunun hərbi yolla deyil, siyasi həll yolları və diplomatik danışıqlardan keçdiyini" qeyd edib.
Livan Prezidenti Cozef Aun deyib ki, “İranın nüvə obyektlərinin bombalanması təkcə regionda deyil, həm də ondan kənarda təhlükəsizlik və sabitliyi təhdid edə biləcək gərginliyin artması ilə bağlı narahatlıqları artırır”.