Dünyanın ən böyük kruiz gəmisi gələn il ilk reysinə çıxacaq
Gəmidə cəmi 5610 nəfər yerləşə biləcək. Ekipaj 2350 nəfərdən ibarətdir
“Royal Caribbean International” şirkəti "yuutube" kanalındakı rəsmi saytında dünyanın ən böyük "Icon of the Seas” adlı kruiz gəmisinin nümayiş olunduğu videoçarxı təqdim edib.
“Icon of the Seas” gəmisi 2805 kayutla təchiz olunacaq ki, onların hər birində iki nəfər olmaqla, gəmidə cəmi 5610 nəfər yerləşə biləcək. Ekipaj 2350 nəfərdən ibarətdir. Gəmidə maksimum insan sayı 9950 nəfər ola bilər (kayutda 2 nəfərdən çox adam yerləşdirilərsə, bu da mümkündür). Gəminin 20 göyərtəsində çoxsaylı mağaza və cakuzilər, eləcə də 40 restoran, su parkı və hətta fəvvarəli konsert zalı olacaq.
Gəmi 7 hovuz və 6 su sürüşməsi ilə təchiz olunacaq. “Icon of the Seas”də, həmçinin gəmilər arasında ən hündür şəlalə, ən yüksək su sürüşməsi, ən böyük su parkı və ilk asma mənzərə hovuzu da olacaq.
2023-cü ilin iyununda gəmi dəniz sınaqlarının birinci mərhələsinə başlayıb. Plana uyğun olaraq, “Icon of the Seas” 2024-cü ildə Karib dənizində ilk kruizə çıxacaq.