Elza Seyidcahanın AYB üzvü olması ilə yaranan müzakirələr təkcə toplumun yox, hətta özünə şair deyənlərin bir çoxunun ədəbi zövqünün nə qədər bəsit olduğunu göstərdi. Məsələ burasındadır ki, Elzanın şeirlərinə gülən, onu ələ salan iki cür adam var. O adamlardan birinin həqiqətən ədəbiyyat zövqü var, bilir, ona görə gülür. Böyük bir kütlə isə o şeirlərə Ramiz Təkaninin zövqünə istinad edib gülür. Onlar üçün şair Ramiz Təkanidir. Bilən adam Elzanın şeirlərini bəyənməyə-bəyənməyə kütlə ilə Elzanın zövqü arasında seçim etməli olsa, əminəm ki, Elzanı seçəcək.
Bir dəfə Elza Seyidcahan Nəsiminin eksperimental bir şeirini imzasız paylaşmışdı. "İnstagram"da millət Elza xanıma ağzına gələni yazdı. Biri dedi, gorun çatlasın, ay Füzuli. Biri dedi, gorun çatlasın, ay Nəsimi. Biri dedi, gorun çatlasın, ay Nizami. Biri dedi, utan, bu nədi yazmısan, Müşfiq də özünə şair deyir, sən də? Səhəri gün Elza təzədən həmin şeiri Nəsiminin imzası ilə paylaşdı. Elə bil qurbağa gölünə daş atdılar. Bu zövqlə, bu bilgisizliklə siz şeirə necə qiymət verə bilərsiz? Elzanın şeirini ələ salan kütlə Nobel mükafatı almış şair Pasternakın, İosif Brodskinin şeirlərini də ələ salır, gülür ki, belə şeir olar?
Azərbaycanda dəhşətli bir fikir xaosu var. Daha doğrusu, fikirsizlik xaosu var. Siyasi proseslərə də münasibət bu cürdür. At izi it izinə qarışıb. Bilən adamlar var. Onları da camaat ya dinləmir, tanımır. Ya da özü danışmır. Hesab edir ki, danışmağın əhəmiyyəti yoxdur.
Ağır dərddir.