XƏBƏRLƏR / Hərbi

Azərbaycan əsgəri Ermənistan ərazisində saxlanılıb

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib

Azərbaycan əsgəri Ermənistan ərazisində saxlanılıb
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 19:20

    Bəzi sosial media səhifələrində Azərbaycanın Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Rasim oğlu Musayevin itkin düşməsi barədə məlumatlar yayılıb.

    Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, 2026-cı il sentyabrın 26-da Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilib.

    Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Araşdırma zamanı toplanmış materiallar əsasında Azərbaycan Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.

    Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

    Hazırda Nəsimi Musayevin Ermənistan ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycanın aidiyyəti dövlət qurumları tərəfindən qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmaslar davam etdirilir.

    Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcək.

    ***

    17:32

    Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə:

    "Sentyabrın 29-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti Ermənistan Milli Təhlükəsizlik Xidmətinə məlumat verib ki, Azərbaycan hərbi hissələrindən birinin hərbçisi xidmət yerini naməlum şəraitdə tərk edib.

    Onun Ermənistan Respublikası sərhədini qanunsuz keçə biləcəyi istisna edilmir. Bundan sonra Ermənistan və Azərbaycanın səlahiyyətli orqanları müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

    1 oktyabr saat 14:15-də Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin 112 əməliyyat idarəetmə mərkəzinə Sünik rayonunun Şaki qəsəbəsində Ermənistan vətəndaşının ayağından güllələnməsi barədə siqnal daxil olub.
    Daxili İşlər Nazirliyinin müxtəlif polis bölmələrinin əməliyyat qrupları hadisə yerinə yola düşüb. Hadisənin bütün hallarını aydınlaşdırmaq üçün təcili tədbirlər görülüb. Məlum olub ki, cinayəti Azərbaycan hərbçisi törədib və o, həbs edilib.

    Hadisənin təfərrüatları da Azərbaycan tərəfinə təqdim edilib. Hadisə ilə bağlı Ermənistan Respublikası İstintaq Komitəsində cinayət işi başlanıb".

    Azərbaycan tərəfi məlumatın həqiqətə uyğun olub-olmaması haqda hələ məlumat verməyib.