Ermənilər Bərdə görüşünə haşırlaşır
Bu barədə Ermənistan KİV-lərində yayılmış məlumatlarda bildirilir
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin rəhbərləri arasında narazılıq yaranıb.
Bu barədə Ermənistan KİV-lərində yayılmış məlumatlarda bildirilir.
Qeyd edilir ki, qondarma “Artsax”ın “keçmiş dövlət naziri” Ruben Vardanyanla separatçıların hazırkı başçısı Arayik Arutyunyan arasında yaranmış ziddiyyət ikincinin istefa vermək niyyətində olmaması ilə bağlıdır.
Vəziyyət o qədər gərginləşib ki, bu yaxınlarda hərbi geyimli şəxslər qondarma rejimin “parlamenti”nə soxulublar. Məlumatı qondarma deputat M.Akopyan da təsdiqləyib. Onun sözlərinə görə, “Artsax milislərinin komandiri” Karen Matevosyan öz tərəfdaşları ilə birlikdə “parlament”ə soxularaq qurumun yeni seçilmiş “rəhbər”i David İşxanyandan Arayik Arutyunyanı təhqir etdiyinə görə hesab tələb ediblər. Karen Matevosyan ötən gün "Facebook"da hər kəsə xəbərdarlıq edib: təhdidlər dayanmayacaq.
Qarabağın separatçıların nəzarətində olan ərazisindəki daxili vəziyyətlə bağlı diqqətçəkən məlumatı “Faktİnfo”nun mənbəsi də verib. Qeyd edib ki, onlar iki çıxış yolu görürlər: ya Arayik Arutyunyan təcili istefaya getməlidir, ya da Ağdam vasitəsilə “Artsax”a ərzaq tədarükü başlayacaq.
Anonim mənbə əlavə edib ki, Arutyunyanın istefa vermək fikri yoxdur, ona görə də indi Ağdam vasitəsilə Qarabağa ərzaq məhsullarının idxalı məsələsi rejimin gündəmindədir.
“Faktİnfo”nun məlumatına görə, Qarabağ rejimi artıq Azərbaycan tərəfi ilə görüşə getməyə hazır olan heyət də yaradıb. Həmin heyət yaxın günlərdə, sabah və ya o biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Böyük ehtimalla görüş Azərbaycanın Bərdə şəhərində baş tutacaq.